
Bakı. Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Gəncə
şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə
genişmiqyaslı işlər həyata keçirilib.
Trend xəbər verir
ki, Gəncə şəhəri üzrə aparılan genişmiqyaslı təhlil və araşdırmalar
nəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb. Mövcud
marşrut xətlərində optimallaşdırma aparılıb, 22 marşrut xəttinin
fəaliyyət göstərməsi müəyyən olunub. Yeni marşrut şəbəkəsi
sayəsində şəhər və ətraf qəsəbələr üzrə ictimai nəqliyyata
əlçatanlığın və sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması
məqsədilə 20 şəhərdaxili və 2 şəhərətrafı avtobus marşrutu üzrə
müsabiqə keçirilib və qaliblər müəyyən edilib. Ümumilikdə 280
müasir və komfortlu avtobus sərnişindaşımada istifadə olunmaq üçün
alınıb.
Əhəmiyyətli yeniliklərdən biri də ictimai nəqliyyatda qabaqcıl
rəqəmsal texnologiyaların tətbiqidir. Gəncədə fəaliyyət göstərən
bütün avtobuslarda gediş haqqını “CityCard” nağdsız ödəniş sistemi,
NFC texnologiyasından istifadə edərək istənilən bank kartları,
həmçinin mobil ödəniş vasitələri olan “Google Pay” və “Apple Pay”
vasitəsilə ödəmək mümkündür.
Həyata keçirilən işlər arasında ictimai nəqliyyat sahəsində
çalışacaq peşəkar və məsuliyyətli sürücü heyətinin
formalaşdırılması da var. Bu işə töhfə vermək məqsədilə AYNA-nın
Təlim-Tədris Mərkəzinin əməkdaşları Gəncədə avtobus sürücüləri üçün
peşə fəaliyyəti, davranış qaydaları üzrə təlimlər keçiriblər. 423
sürücü təlim və imtahan prosesini uğurla bitirib.
Eyni zamanda Gəncədə ictimai nəqliyyatın səmərəli idarə
olunmasını təmin etmək məqsədilə müasir standartlara cavab verən
yeni avtobus deposu kompleksi istifadəyə verilib. Kompleksdə
ümumilikdə 300 avtobusa xidmət göstərməyə şərait mövcuddur.
Monitorinq mərkəzi vasitəsilə avtobusların hərəkəti real vaxt
rejimində izlənəcək.
Sərnişindaşıma sahəsinin optimallaşması istiqamətində bir sıra
layihələr həyata keçirilib. Bunlardan biri də Dəmiryolu vağzalının
qarşısında nəqliyyat qovşağı layihəsi – Nəqliyyat Mübadilə
Məntəqəsidir. Burada dəmiryolu ilə avtomobil nəqliyyatının
qarşılıqlı əlaqəsi öz əksini tapıb. Parklanma və sərnişinlərin
minib-düşməsi üçün ərazilər nəzərdə tutulub. Müasir tipli avtobus
dayanacaqları və pavilyonlar quraşdırılıb. Ümumilikdə qovşağa 6
marşrut xətti daxil olacaq və onlardan 2-nin son dayanacağı burada
yerləşəcək. Samux istiqamətində hərəkət edən avtobusların da
qovşağa gəlməsi nəzərdə tutulub.
Gəncə şəhərində təhlillər nəticəsində gediş-gəlişin və sıxlığın
çox olduğu ərazilərdə yol infrastrukturu nəzərə alınaraq 34 müasir
dayanacaq pavilyonu quraşdırılıb.
Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində 97 küçədə
asfalt örtüyünün yenilənmə işləri aparılıb, 128 kilometr xətlənmə
işləri icra olunub, eyni zamanda 12 min kvadratmetr sahədə isə əl
işləri həyata keçirilib. Yenilənmə aparılan küçə və prospektlərdə
müasir yanaşmadan istifadə olunub. Xətlənmə işləri yüksək
keyfiyyətlə həyata keçirilib. Görülən işlər çərçivəsində ümumilikdə
4000-dən çox yol nişanı quraşdırılıb.
Gəncə şəhərində təhlillər aparılaraq mikromobillik zolaqlarının
salınması üçün uyğun yerlər müəyyənləşdirilib. Hazırda 2.7 km
mikromobillik zolağı əlaqələndirilib, əlavə olaraq 1-ci mərhələdə
2.6 km yolun çəkilməsi nəzərdə tutulur. Şəbəkənin uzunluğunun 5.3
km-ə çatdırılması planlaşdırılır.
Taksi nəqliyyat vasitələri üçün cəlbetmə məntəqələrinin müəyyən
edilməsi istiqamətində də işlər aparılıb və 10 ünvanda taksi
duracağı üçün yer təyin olunub. Şəhərin 3 yerində minib-düşmə
məntəqəsinin yeri müəyyənləşdirilib, müvafiq nişanlar
quraşdırılıb.
Gəncədə həyata keçirilən bütün dəyişikliklər şəhər daxilində
ictimai nəqliyyatın optimallaşdırılmasına, sərnişinlərə keyfiyyətli
xidmətin göstərilməsinə, piyadaların və sürücülərin
təhlükəsizliyinin artırılmasına xidmət edir.

