“AzerGold” QSC-nin təşkilatçılığı ilə şəhid ailələrinin Şuşaya səfəri gerçəkləşdirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

“AzerGold” QSC-nin təşkilatçılığı, Daşkəsən Rayon İcra
Hakimiyyəti və Şuşa Dövlət Qoruğunun dəstəyi ilə 25 sentyabr
2025-ci il tarixində Vətən müharibəsinin başlanmasının 5-ci
ildönümünə həsr olunmuş “Zəfərin izi ilə” adlı sosial tədbir həyata
keçirilib.

Trend xəbər
verir ki, vətən uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini
ehtiramla anmaq, onların fədakarlığını gələcək nəsillərə çatdırmaq
və şəhid ailələrini mənəvi qayğı ilə əhatə etmək məqsədilə həyata
keçirilən tədbir çərçivəsində Daşkəsən rayonundan olan şəhid
ailələrinin qəhrəman övladlarının keçdikləri zəfər yolu ilə,
canları bahasına azad etdikləri torpaqları ziyarəti təşkil
olunub.

Şəhid ailələri tarixi zəfərin rəmzinə çevrilmiş Şuşa şəhərində
Azərbaycanın mədəniyyət paytaxtının zəngin tarixi, mədəni irsi,
şəhərdə aparılan quruculuq və bərpa işləri ilə tanış olublar. Onlar
Cıdır düzünə gedib, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini,
Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş
büstlərini, Mehmandarovlar muzeyini, İsa bulağını və digər
tarixi-mədəni abidələri ziyarət ediblər.




Səfər müddətində qəhrəman övladlarımızın keçdiyi şərəfli yoldan,
onların şücaətlərindən bəhs edilib. Şuşanın işğaldan azad edilməsi
uğrunda döyüşlərdə iştirak edən və orada şəhidlik zirvəsinə ucalan
hərbçilərin valideynləri övladlarının döyüşdüyü yerlərə baş
çəkiblər. Sonda Gövhər Ağa məscidində şəhidlərin ruhuna dualar
oxunub, onların xatirəsi ehtiramla yad edilib.

Xatırladaq ki, şəhid ailələri “AzerGold” QSC-nin korporativ
sosial məsuliyyət layihələri çərçivəsində əsas hədəf
kateqoriyalarından biri olaraq müəyyən edilib və onların sosial
rifahının yaxşılaşdırılmasına yönəlmiş müxtəlif layihələr həyata
keçirilir. Bununla yanaşı, şəhid ailəsi üzvlərinin, müharibə
iştirakçılarının məşğulluğunun artırılmasına da əlavə töhfələr
verilir. Hazırda “AzerGold”, onun törəmə cəmiyyətləri və fəaliyyətə
cəlb edilən uzunmüddətli podratçı şirkətlərin ümumilikdə 351 nəfər
əməkdaşı qeyd olunan həssas kateqoriyaya aiddir.