Əməyin mühafizəsi üzrə 28 milli standart təsdiq edilib

Baş səhifə

Bakı. Trend:

Əməyin mühafizəsi üzrə növbəti 28 milli standart hazırlanaraq
Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı
kimi təsdiq edilib.

Trend
xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat
yayıb.

Sözügedən standartlar sağlamlıq, təhlükəsizlik, idarəetmə və
texniki səmərəlilik tələblərini əhatə edir. Standartlar Beynəlxalq
Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında”
155 nömrəli Konvensiyasının tələblərinə uyğun hazırlanıb.




Fərdi mühafizə vasitələri (xilasedici kəmərlər, xilasedici
jiletlər, üzmə qabiliyyətinə malik vasitələr, yanğınsöndürən
geyimləri, kimyəvi və alovdan qoruyucu geyimlər, göz və üz
qoruyucular, vibrasiya əleyhinə əlcəklər), maşın və avadanlıqlar
üzrə təhlükəsizlik (traktorların aşmaya qarşı konstruksiyaları,
torpaq işləri aparan maşınlarda görmə sahəsi), eləcə də insan
resurslarının idarə olunması (idarəetmə göstəriciləri, işçi
qüvvəsinin əlçatanlığı, işə qəbul keyfiyyəti, təşkilati mədəniyyət)
üzrə texniki tələbləri və sınaq üsullarını əhatə edir.

Bu standartların tətbiqi iş yerlərində işçilərə fərdi mühafizə
vasitələrinin düzgün təmin olunması, iş şəraitinin
təhlükəsizliyinin artırılması və beynəlxalq təcrübəyə
uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, əməyin mühafizəsi sahəsində 2025-ci il üzrə
hazırlanması planlaşdırılan 111 standartdan 63-ü artıq Azərbaycan
Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi qəbul
olunub.