Fransa parlamenti müdafiə xərclərinin artırılmasını təsdiqləyib

Baş səhifə

Bakı. Trend:

Fransa Milli Assambleyası ölkənin hərbi büdcəsinin 2030-cu
ilədək əlavə 36 milyard avro artırılmasını nəzərdə tutan qanun
layihəsini yekun olaraq qəbul edib.

Səsvermənin nəticələri parlamentin rəsmi saytında canlı
yayımlanıb.

Qanun layihəsinin qəbul edilməsi üçün tələb olunan minimum 245
səs olduğu halda, sənəd 375 deputatın dəstəyini qazanıb.

Fransanın silahlı qüvvələr naziri Katrin Votren bildirib ki,
qanun layihəsi 2026–2030-cu illər ərzində müdafiə sahəsinə ayrılan
maliyyənin əlavə 36 milyard avro artırılmasını nəzərdə tutur.




“Bu qərar dövlət büdcəsi ilə bağlı vəziyyətin mürəkkəb olduğu
şəraitdə qəbul edilsə də, ölkənin müdafiə imkanlarının
gücləndirilməsi baxımından zəruri hesab olunur”, – deyə nazir
vurğulayıb.

2024–2030-cu illəri əhatə edən proqram çərçivəsində Fransanın
ümumi müdafiə xərcləri 400 milyard avrodan 436 milyard avroya
çatdırılacaq. Bu isə müdafiə büdcəsinin ÜDM-in təxminən 2,5 faizinə
yüksəlməsinə imkan verəcək.

Əlavə maliyyə əsasən silah ehtiyatlarının artırılmasına,
pilotsuz uçuş aparatlarının inkişafına və Ukrayna ilə Yaxın
Şərqdəki müasir münaqişələrdən əldə olunan təcrübə nəzərə alınmaqla
müdafiə potensialının gücləndirilməsinə yönəldiləcək. Eyni zamanda,
ayrılacaq vəsaitin həcmi gələcək illərin dövlət büdcələrinin
təsdiqi zamanı yenidən nəzərdən keçirilə bilər.