Türkiyə və ABŞ prezidentləri Nyu-Yorkda keçirilən görüşdən əvvəl mətbuata açıqlama veriblər

Baş səhifə

Bakı. Trend:

Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ
Prezidenti Donald Tramp arasında görüş baş tutub.

Trend xəbər verir
ki, Ağ Evdə keçirilən rəsmi qarşılanma mərasimindən sonra iki lider
mətbuata birgə açıqlama verib.

Səfərini BMT Baş Assambleyası ilə paralel şəkildə reallaşdırdığı
üçün məmnunluğunu ifadə edən Prezident Ərdoğan açıqlamasında
müxtəlif mövzuları müzakirə etmək imkanı əldə edəcəklərinə inamını
bildirib.

O deyib: “Donald Trampın hakimiyyətinin həm birinci, həm də
ikinci dövründə Türkiyə-Amerika münasibətlərində fərqli bir proses
yaşanır. Onun da az əvvəl qeyd etdiyi kimi, istər F-35, istər F-16
mövzusu, istərsə də “Halkbank” məsələsi ilə bağlı aramızdakı
əlaqələri bu gün ətraflı müzakirə etmək fürsəti tapacağımıza
inanıram. Heybəliadakı ruhani məktəbi ilə bağlı isə üzərimizə nə
düşürsə, onu yerinə yetirməyə hazırıq”.

ABŞ lideri Prezident Ərdoğanın möhtəşəm bir ordu qurduğunu və
onu Ağ Evdə qarşılamağın şərəf olduğunu bildirib: “Türkiyə ilə
çoxsaylı işlər görürük. Türkiyə əla məhsullar istehsal edir. Biz
onlardan çox şey alırıq, onlar da bizdən çox şey alırlar”.

BMT-də Prezident Ərdoğan və digər liderlərlə Qəzza mövzusunda
çox yaxşı bir görüş keçirdiklərini qeyd edən Tramp bu məsələdə
razılaşmaya doğru gedildiyini bildirib.

Prezident Ərdoğanın Putin və Zelenski tərəfindən böyük hörmətlə
qarşılandığını xatırladan ABŞ Prezidenti hər kəsin, o cümlədən
özünün də Prezident Ərdoğana hörmət bəslədiyini ifadə edib.

İki lider arasındakı görüşdə Türkiyə–ABŞ münasibətlərinin bütün
aspektləri ilə müzakirəsi, eləcə də ötən il iki ölkə arasında 35
milyard dollar olan ticarət dövriyyəsinin 100 milyard dollara
çatdırılması və bu istiqamətdə qarşılıqlı investisiyaların
artırılması üçün atılacaq addımların ön plana çıxması
gözlənilir.

Bununla yanaşı, iki liderin görüşündə İsrail-Fələstin və
Rusiya-Ukrayna qarşıdurmaları başda olmaqla, bölgədəki mövcud
böhranların həlli, Suriyadakı vəziyyət kimi aktual məsələlərin də
yer aldığı bildirilir.