Rusiya XİN: “Qərb Ermənistanı Cənubi Qafqazda təhlükəli planlarına alət ermək istəyir”

Siyasət

“2024-cü il aprelin 5-də Brüsseldə baş tutan Ermənistan-ABŞ-Aİ formatında yüksək səviyyəli görüşü “kollektiv Qərb”in Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti cəhdi kimi qiymətləndiririk”.

Bu barədə Rusiya XİN-in bəyanatında deyilir.

“Regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz və dağıdıcı müdaxiləsi, region ölkələri ilə onların qonşuları arasında nifaq salmaq istəyi regionda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün ən mənfi nəticələrə, yeni ayırıcı xətlərin yaranmasına, eləcə də gərginliyin idarəolunmaz həddə çatmasına səbəb olur.

Görünən odur ki, Qərb Ermənistanı Cənubi Qafqazda son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevirmək istəyir. Biz bilirik ki, Vaşinqton və Brüssel müvəqqəti vədlər altında Ermənistanın KTMT və Aİİ-dən çıxmasına, Rusiya hərbi bazası və sərhədçilərinin çıxarılmasına can atırlar. Biz İrəvan rəhbərliyini Qərbin onu aldatmasına və ölkəni təhlükəsizlik boşluğunun yaranması, iqtisadiyyatda ciddi problemlər və əhalinin xaricə axını ilə dolu olan yanlış yola yönəltməsinə imkan verməməyə çağırırıq. Brüsseldə elan edilən qrant dəstəyinin həcmləri Ermənistanın Moskva ilə qarşılıqlı fəaliyyətdən, Aİİ və MDB çərçivəsində əldə etməkdə davam etdiyi çoxmilyardlı fayda ilə müqayisə edilə bilməz. Məhz bu amillər son illərdə ticarət dövriyyəsinin dəfələrlə (2018-ci ildən 4 dəfə) artmasına və nəticədə rekord iqtisadi artıma və əhalinin rifahının yüksəlməsinə səbəb olub.

Biz ümumi inteqrasiya birlikləri vasitəsilə fundamental ikitərəfli sənədlərdə və sazişlərdə təsbit olunmuş prinsiplər əsasında Ermənistanla münasibətləri hərtərəfli dərinləşdirmək və genişləndirmək öhdəliyimizi təsdiq edirik. Əminik ki, Rusiya-Ermənistan müttəfiqliyinin mütərəqqi inkişafı Rusiya və Ermənistan xalqlarının fundamental maraqlarının həyata keçirilməsinə, regional təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verəcək.

Qərb həmçinin Ermənistan-Azərbaycan normallaşmasının fundamental əsasını – Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-2022-ci illər üçün nəqliyyat və iqtisadi əlaqələrin bərpasını, sərhədin delimitasiyası, sülh müqaviləsi hazırlamaq, ictimai xadimlər və ekspertlər arasında əlaqələr vasitəsilə etimadı gücləndirmək üzrə tədbirləri nəzərdə tutan üçtərəfli bəyanatlar toplusunu məhv etmək cəhdlərindən əl çəkmir. Məhz Vaşinqton və Brüsselin təzyiqi ilə rəsmi İrəvan bu sazişlərin icrasını dayandırıb, halbuki bir çox bəndlər üzrə, xüsusən də nəqliyyat yollarının açılması məsələsində tərəflər qarşılıqlı məqbul həll yollarına yaxın idi. Moskva Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən sülhə nail olmaq üçün hər cür kömək etməyə hazırdır.

Cənubi Qafqazda həm regional, həm də ikitərəfli xarakter daşıyan problemli məsələlər 2023-cü il oktyabrın 23-də Tehranda keçirilən “3+3” Məşvərət Platformasının ikinci iclasında razılaşdırılan “regional məsuliyyət” prinsipinə uyğun olaraq həllini tapmalıdır. Biz kənar oyunçuları bu razılaşmalara hörmətlə yanaşmağa, İrəvandakı hakimiyyəti isə öz xarici siyasət xəttini qurarkən qonşu dövlətlərin narahatlığını nəzərə almağa çağırırıq”, – Rusiya XİN-in bəyanatında bildirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir