Xalq artisti Rasim Balayev: “Nə olsun ki, Aygün Bəyləri Suraxanıda dəfn ediblər”

Mədəniyyət


Azərbaycanın Əməkdar artisti Aygün Bəylər (Hümmətova) 3 gün öncə dəfn olundu

Mərhumun Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılması isə müzakirəsiz ötüşmədi. Bəziləri onun Fəxri Xiyabanda dəfn edilməsinin daha düzgün olacağını, bunun haqsızlıq olduğunu iddia etdi.

Məsələ ilə bağlı Yenisabah.az-a Xalq artisti Rasim Balayev danışıb. Aktyor sənətkarın ölümündən təsirləndiyini bildirib. O, dəfn yerinin heç bir məna kəsb etmədiyi qənaətində olduğunu deyib:

“Aygün Bəylər dünyasını dəyişdi, Allah rəhmət eləsin. Onu Suraxanı qəbiristanlığında, Yasamal qəbiristanlığında, yoxsa Fəxri Xiyabanda dəfn etdilər nə fərqi var?!  Bir dəfə bu mövzu müzakirə olunanda rəhmətlik Xalq artisti Eldəniz Zeynalov yarızarafatla çox gözəl cavab vermişdi. Demişdilər ki, filankəsi Qanlı gölün yaxınlığında dəfn ediblər, aktyor da cavab vermişdi ki, “Hə, oranın havası yaxşıdır”. 

Bütün bunlar mənasız söz-söhbətlərdir. Aygün Bəylərə heyf oldu, o gözəl sənətkar idi. Bu da Allahın yazısı idi, düzdür, adam pis olur ki, yaşı çox deyildi, amma nə etmək olar, hərənin bir taleyi, alın yazısı var. Aygün Bəylərin istedadı, özünəməxsus oxu tərzi vardı. O, şou-biznesdəki hər kəsdən fərqlənirdi. Allah ona rəhmət eləsin, harada dəfn olunmağının nə fərqi var. Əvvəldən sanki “qanun” qoyublar ki, məşhurlar mütləq birinci, ikinci Fəxri Xiyabanda  dəfn edilməlidir. İslam dinində belə şey yoxdur. Hətta bizim qoydurduğumuz dəbdəbəli başdaşları, heykəllər, şəkillər də dinimizdə yoxdur. İslam dininə görə balaca bir daş qoyulmalıdır və bir nəsil keçəndən sonra qəbir yeri itməlidir. Qəbir zamanla itməlidir. İndi qəbirə kəhkəşanlar qoşurlar, böyük heykəllər ucaldırlar. Bunlar hamısı mənasız şeylərdir. Həyatdır, sabah nə olacağını bilmək olmur, kimin ağlına gələrdi ki, Leninin ucaldılan bütün heykəlləri söküləcək?” 

Rasim Balayev Aygün Bəylərin dəfn mərasimində iştirak etməməsinin səbəbini də açıqlayıb:

“Bir az xəstəyəm deyə Aygünün dəfn mərasimində iştirak edə bilmədim. Yoxsa mütləq onu son mənzilə yola salmağa gedəcəkdim. Çünki ona çox böyük hörmətim olub. Heç o özü bilmirdi ki, mənim ona nə qədər sevgim, hörmətim var. Hər zaman kənardan onu dinləmişəm, görmüşəm ki, bu xanımda çox böyük istedad var. Əsas odur ki, o, yaxşı sənətkar kimi ad qoyub getdi. Vallah, onun dəfn yeri önəmli deyil, onun yeri insanların qəlbidir. Daim də yeri ora olacaq. Uzun illər keçəcək, amma onun avazı gələndə hər kəs üzünü görməsə belə, biləcək ki, oxuyan Aygün Bəylərdir”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir