Ziya(n)lı: Azərbaycanın xarab ictimai aparatı

Cəmiyyət


Aqşin Kərimov yazır…

Ziyalı obrazının dəqiq təyinedici bir tərifini vermək olmur, amma Azərbaycanda, maşallah olsun, hər yoldan keçən, hər yazı yazan, hər fikir söyləyən ziyalı sayılır.

“Ziyalı kimdir?” sualına axtarılan cavablarda biz ümumi meyarları nəzərə almalıyıq, çünki bu anlayışın hüquqi tərifi yoxdur, sadəcə olaraq, ictimai-siyasi, intellektual fəaliyyət və şəxsi xarakter haqqında ümumi qəbul olunmuş keyfiyyətlər haqqındakı epitetdir.

Azərbaycanda isə ziyalılıq üçün kriteriyaları müəyyən edən ictimai aparat xarabdır, ya da funksionallığını tamamilə dəxlsiz bir rejimə kökləyib.

Çürük dəyərlər əsasında ziyalılıq obrazını cəmiyyətə sırımaq barədə bir azdan bəhs edəcəyəm, ilk olaraq isə mən bunun tarixi-siyasi kökləri haqqında bir neçə fikir söyləmək istəyirəm.

Azərbaycan bəlli zamanlarda, bir neçə yüzillik boyu istila altında olub. İstila altında olan bir xalqın, təbii ki, özgüvən duyğusu, inamı, milli hərarəti normadan müəyyən qədər aşağı olur.

Bu, ictimai münasibətlərə mənfi mənada çox ciddi təsirlər edir, həqiqi dəyərləndirmələrlə yalançı qiymətləndirmələr bir-birinin içərisinə girib qarışır, ortalığa isə acınacaqlı mənzərə çıxır.

Belə olanda maddi cəhətdən imkanları bol olan biri bu qarışıqlıqlar içərisindən boylanır və əlavə epitetli ictimai imtiyaza can atır.

Beləsi üçün yaxşı imic yaradan ictimai yarlıqlar natamamlıq kompleksini tamamlamaq psixologiyasıdır. Yəni şəxs olmayan potensialını şüuraltında dərk edib bunu cəmiyyət hesabına şişirtmək üçün hər bir addıma hazırdır.

Bizdə ziyalı anlayışına marağın çərçivələrini bu qəbilə söykəmək mümkündür, indi görün Azərbaycanda bu problem müstəmləkəçilik zamanlarından bu yana hansı bir vəziyyətə gəlib çıxıb.

Tarix olmuş və baş verməmiş (bu, ayrıca mövzudur) hadisələrin təqdimatla külliyyatıdır, onları qəbul da etmək olar, inkar da. Amma tarixin buraxdığı izlərin ictimai psixologiyadakı təsirlərini birdəfəlik silib atmaq xeyli dərəcədə mürəkkəb və çətindir – həm psixoloji nöqteyi-nəzərdən, həm də ictimaiyyətdə nəsillərdən-nəsillərə ötürülən mesajları köklü dəyişikliyə məruz qoymaq baxımından.

Düşüncəmə əsasən, ziyalı təqdimatı ilə öyünməyə olan aşırı maraq vəzifə və pulun çox şeyi həll etdiyi zamanda xeyli dərəcədə şişib böyüdü və ictimai yaralara bais oldu.

Nədir bu ictimai xəsarətlər? Məncə, bu suala cavabları anlayış olaraq gündəlik rastlaşdığımız süni dəyərlərdə görə bilirik.

Biri əlinə mikrofon alır, ya da sosial şəbəkə hesabında qışqıran, başqasını təhqir edən çıxışlarını paylaşır, bir qisim ona ziyalı deyir, guya bu, sözünü deyən adamdır.

Sözünü demək də müəyyən əsaslandırmalara dayanmalıdır, bu, bir yana, amma ümumilikdə söz demək hələ ziyalılıq əlaməti sayıla bilməz.

Digər nümunə, baxırsan, yaxşı alimdir, danışığında, davranışında kübarlıq var, di gəl ki, ictimai auditoriyaya mifik təsəvvürlərin həqiqi olduğunu sırıyır. Birinci meyarda o, ziyalıdır, amma həmin kriteriya elə ikinci əməlində darmadağın olur.

Başqası bilmədiyi mövzuda danışır, əmin edirəm ki, onun danışıqları və fikirləri əsaslandırmalara yox, ictimai həssas telləri oyatmaq üçün dəxlsiz söhbətlərə söykənir. O, məzmunsuz fikirlərini hadisələrə calaq edib malı malı qatsa da, nəhayətdə “ziyalı”dır.

Ayrı bir dərd – üz mimikasından tutmuş, yerişinə, oturuşuna-duruşuna, danışığına qədər kobud bir müvazinətə malik olan adamlara yaltaqlanıb onlara ziyalı deyilməsinin şahidi az olmuruq.

Çünki onların pulu və vəzifəsi var, bəlkə də, bu tendensiya son illər xeyli zəifləyib, amma haradasa 10 il öncəyə qədər vəziyyətin ictimai təsviri xeyli dərəcədə ürəkbulandırıcı idi. Məclislərdə varlı, imkanlı, vəzifəli şəxslərin şəninə təriflər, sağlığına qaldırılan badələrin cingiltisi həmin adamın özünü meyxoş edirdi, çünki o, həqiqətən, inanırdı ki, ziyalıdır.

Zaman keçdi, məlum oldu ki, onların çoxu heç kitab yaza bilmir, sadəcə, maliyyə imkanından və vəzifəsindən sui-istifadə etməsi hesabına kitablar yazdırıb, dissertasiyalar müdafiə edib, “ziyalı” olub. Məncə, ən yaxşı şillə elə zamandır, o, vaxtı gələndə gözəl bir şəkildə qapazını lazım olan adamların başına endirir.

Keçid edirik müxalifətə. Kimsəyə görə, müxalifətdə olub, fikir söyləmək həmin adamı ziyalı edir. Ziyalılıq siyasi ayrı-seçkiliyə görə müəyyən oluna bilməz, necə ki vaxtı ilə pul gətirən kresloda əyləşib büdcəni sağa-sola dağıdanlar ziyalı deyildilər, eləcə də müxalifət kürsüsündən qışqırmalar ziyalılıq ola bilməz.

Əziz oxucu sual edə bilər ki, bəs ziyalı kimdir? Mənə görə, intellektual səviyyəsi, davranışı, ictimai tərəqqi üçün gördüyü işlər, şəxsi keyfiyyətlərdəki üstün əxlaqi dəyərlər bir nöqtədə birləşəndə insan ziyalı olur.

Yox, bunlardan biri digərini tamamlamırsa, ziyalılıqdan bəhs etməyə dəyməz. Bir insan ziyalı olmaya bilər, çox normaldır. Ziyalı olmamaq ictimai bəla yaratmır, cəmiyyətin fasadını və daxilini dağıdan şeylərdən biri saxta qiymətləndirmələrin tüğyan etməsidir.

Ziyalı olmayanlar bu dalğaya inanıb ziyalı olduqlarını iddia edirlərsə, onlar haqqında bir söz deyə bilərik – ictimai ziyanvericilər…

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir