Əmanətlərdən daha çox necə qazanmaq olar? – Ekspertlərdən sadə İZAH + FOTO

Cəmiyyət


Vətəndaşların banklarda olan depozit gəlirlərinə vergi güzəştlərinin tətbiqinə başlanacaq. Belə ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə vətəndaşların əmanətlərindən əldə edilən gəlirlərinə güzəştlər nəzərdə tutulur. Vergidən azadolma iki istiqamətdə həyata keçiriləcək. Fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ay və daha çox vaxtda yerləşdirdikləri əmanətlər üzrə faiz gəlirləri vergidən azad olunacaq. Güzəştlərin tətbiqinə 2024-cü ilin yanvarın 1-dən başlanacaq.

Bəs görəsən, depozit gəlirlərinə vergi güzəştlərinin tətbiq olunmasının nə kimi müsbət və mənfi tərəfləri olacaq?

Mövzu ilə bağlı resmixeber.az-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, əsas məqsəd vətəndaşların pullarını yenidən bank sektoruna yatırtmaqdır:

“Vergidən azad olmanın iki istiqamət üzrə aparılması tamamilə doğrudur. Birinci istiqamət belədir ki, banklar üzrə aylıq 200, illik isə 2 400 manat faiz gəliri vergidən azad edilir. Əgər vətəndaş depozitini 10 bank üzrə bölüb, qoyubsa, hər bank üzrə güzəştlər tətbiq ediləcək. Yəni tutaq ki, sizin 400 manat faiz gəliriniz varsa, 200 manat vergiyə cəlb olunmayacaq. Yerdə qalan 200 manatdan 10 faiz tutulub, 180 manat sizə ödəniləcək. Əvvəl, tutaq ki, şəxsin 400 manat gəlirindən 40 manat vergi tutulurdusa, indi bir bank üzrə 20 manat tutulacaq.

Burada əsas məqsəd vətəndaşların pullarını evdə saxlamamaq, yenidən bank sektoruna yatırmaqdır. Çünki bir neçə bank bağlandıqdan sonra vətəndaşların banklara qarşı bir az inamı pisləşib, narahatdırlar. Ona görə belə bir dəstək lazım idi”.

Ekspert qeyd edib ki, bu təşviqin müsbət tərəflərindən biri uzunmüddətli depozitlərdir:

“İkinci məsələdə 18 aydan yuxarı qoyduğunuz depozitlər üç il ərzində faiz gəlirinin məbləğindən asılı olmayaraq vergidən azad olunacaq. Üç illik güzəşt müddəti müəyyənləşib. Burada mənfi cəhət odur ki, dövlət az vergi alacaq. Dövlət aldığı vergini vətəndaşa bağışlayacaq. Mərkəzi Bank çalışır ki, vətəndaşlar daha uzunmüddətli yatırım etsinlər. Banklarda da imkan yaranacaq. Uzunmüddətli kreditlər verə biləcəklər.

Bu təşviqin əsas müsbət tərəflərindən biri uzunmüddətli depozitlərdir. Ümumi struktur dəyişiləcək. İstəyirlər ki, insanlar 18 aydan daha çox yatırım etsinlər. Bir sözlə, uzunmüddətli maliyyə resursları formalaşdırmağa çalışırlar”.

“Xüsusən il ərzində iki – “Muğan Bank” və “Günay Bank” – bağlandı. Vətəndaşlarda bank sektorunda problemlərin ciddi olduğuna dair narahatlıqlar yarandı. Hətta digər bankların bağlanacağına dair narahatlıqlar var. Balaca banklardan vəsaitlərin çəkilməsi prosesi baş verir. Hökumət də bu olanların qarşısını almaq istəyir ki, pul kütləsi banklardan kənara qaçmasın. Bu da preventiv bir addımdır”, – deyə X.Kərimli əlavə edib.

İqtisadçı-ekspert Eyyub Kərimli də bu fikirdədir ki, vergi güzəştlərinin tətbiq edilməsi insanları yenidən banklarda depozit saxlamağa həvəsləndirəcək:

“Bank depozitləri tətbiq olunan 10 faiz vergiyə görə azalmağa başladı. İnsanlar vəsaiti itirməmək üçün artıq banklarda depozit saxlamağa bir qədər həvəs göstərmirdilər. Bu da sözsüz ki, bankların maliyyə vəziyyətinə mənfi təsir göstərirdi.

Hesab edirəm ki, vergi güzəştlərinin tətbiq edilməsi insanları banklarda depozit saxlamağa yenidən motivasiya edəcək. Həmçinin, bu bankların məcmu kapitalına və əhalidən yığım kapitalına müəyyən müsbət təsirləri olacaq. Əhalinin də bank depozitlərindən əlavə gəlir əldə etməsinə şərait yaradacaq.

Digər tərəfdən, tətbiq olunan vergi güzəştlərinin 18 aylıq depozitlərə tətbiq edilməsi əmanətlərin banklarda daha uzunmüddətli yerləşdirilməsinə yol açacaq. İnsanların bu sahədə əldə edə biləcəkləri gəlirlərinin daha sabit olmasının öz müsbət təsirlərini göstərəcək”.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir