“Mina qurbanları həssas təbəqə kimi tanınmalı və onların hüquqları təmin edilməlidir”.
AZƏRTAC xəbər verir ki, bu fikir bu gün BMT-nin Cenevrə Mərkəzində, təşkilatın İnsan Hüquqları Şurasının (İHŞ) Universal Dövri İcmal (UDİ) mexanizminin 31-ci sessiyası çərçivəsində mina təcavüzünün insan haqlarına təsiri mövzusunda keçirilmiş tədbirdə aparılan müzakirələrin ana xəttini təşkil edib.
Tədbirdə “Cənubi Qafqazda minaların insan haqlarına dağıdıcı təsiri” mövzusunda hesabatı təqdim edən İtaliya İnsan Haqları Federasiyasının prezidenti Antonio Stanqo, Qarabağın minalarla çirkləndirilməsinin humanitar faciə miqyasını qeyd edərək, bunun nəticəsində Azərbaycanın Avropada ikinci ən çox mina ilə çirkləndirilmiş ölkə olduğunu nəzərə çatdırıb.
Hesabatın təhlil qismində Ermənistanın apardığı 30 illik mina terroru nəticəsində beynəlxalq adət və humanitar hüququn, həmçinin təməl insan hüquqlarını kobud şəkildə pozduğu bildirilib. 700 mindən artıq Azərbaycanlı keçmiş məcburi köçkünün vətənlərinə qayıtmasını əngəlləyən, onların səhhət, iş və təhsil hüququnun kütləvi şəkildə pozulduğunu qeyd edən A.Stanqo beynəlxalq insan hüquqları mexanizminin işə salınmasını, minalardan zərər çəkmiş Azərbaycan vətəndaşlarına təzminatın ödənilməsinin təmin olunmasının vacibliyini qeyd edib.
Tədbirin aparıcısı “Universal Human Rights” təşkilatının icraçı direktoru Mark Limon, beynəlxalq insan hüquqları sistemində mina qurbanlarının ayrıca, xüsusilə həssas qrup kimi tanınmasının vacibliyini qeyd edib.
Bu fikri dəstkləyən tədbirin təşkilatçısı, Fransanın Vicdan Azadlığı Assosiasıyasının sədri Tyeri Valle həmkarlarının bu ilin əvvəlində azad edilmiş Ağdam şəhərinə səfəri zamanı qəbiristanlıq və dini abidələrin belə minalandırıldığını, bunun nəticəsində qurbanların əsasən mülki əhali olduğunu vurğulayıb. Natiq, hazırkı post-münaqişə dövründə Ermənistanı humanitar minatəmizləmə sahəsində Azərbaycanla əməkdaşlıq etməyə çağırıb.
Avropada ən çox mina çirklənməsinə məruz qalan ölkə olaraq Bosniya-Herseqovinanı təmsil edən mina qurbanlarının hüquqlarının müdafiəçisi Leyla Alaybegoviç, BMT səviyyəsində mina qurbanlarının sadəcə hüquqlarının tanınması deyil, onların pozulmuş haqlarının bərpası üçün təzminat mexanizminin işlənməsini təklif edib.
“Bosniyada və Qarabağda mina terroru törədənlər təzminat ödəməsələr, gələcəkdə dünyanın digər guşələrində də bu qeyri insani müharibə üslubu milyonlarla insanın gələcəyini məhv etməyə davam edəcək” – deyə xanım Alaubegoviç qeyd edib.
Tədbirdə yekun məruzə ilə çıxış edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov 30 ilə yaxın davam edən işğal nəticəsində ölkəmizin ərazisinin onda bir hissəsinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə minalarla çirkləndirildiyini, bu ərazilərdə 1,5 milyondan çox minanın basdırıldığını diqqətə çatdırıb.
Natiq, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan tərəfinin öncə mina haqqında məlumatları verməməkdə israrlı olduğunu, daha sonra, Azərbaycan rəhbərliyinin iradəsi qarşısında mina xəritələrini təhvil verdiyini, lakin bu xəritələrin yoxlanılması nəticəsində onların yalnız 25 faiz səhihliyinin müəyyən olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Rəsmi İrəvanın bu cinayətkar mövqeyi nəticəsində təkcə post-münaqişə dövründə 300 dən artıq insanın mina partlamasının qurbanı olduğunu bildirən E.İsgəndərov xüsusi beynəlxalq mexanizm çərçivəsində Ermənistana inspeksiyanın göndərilməsi, bu ölkənin Azərbaycana qarşı minalaşdırma fəaliyyəti haqqında dəqiq məlumatların əldə edilməsinin zəruriliyini vurğulayıb.
“Bu məlumatların verilməsi üçün Ermənistana təzyiq etməkdə beynəlxalq birliyin gecikdiyi hər gün yeni insan itkilərinə gətirir, yüz minlərlə insanın doğma evlərinə geri dönüşünü əngəlləyir, bölgədə sülhün gəlişini gecikdirir” – deyə E.İskəndərov qeyd edib.
Tədbir iştirakçıları, İHŞ-nın növbəti sessiyasında mina qurbanlarının hüquqlarının tanınması və təmin edilməsinin zəruriliyini tələb edən birgə bəyanatla çıxış etmək haqqında qərar qəbul ediblər.
www.RESMIXEBER.az