Ömrünü son ünvana “süpürənlər”: Küçələr niyə texnikalarla təmizlənmir? – ARAŞDIRMA + FOTO

Cəmiyyət


Bir neçə gün əvvəl Suraxanı rayonunun Ramana qəsəbəsi, Samir Əliyev küçəsində təmizlik işçisini maşın vurub. 

Qəza nəticəsində ağır xəsarət alan təmizlik işçisi həlak olub.

Bəlkə də, ay ərzində bir və ya iki təmizlik işçisini maşının vurduğu barədə məlumatlar oxuyuruq. 

Bəs bunun qarşısını necə almaq olar? Niyə küçələrin təmizlənməsində texnikadan deyil, insan əməyindən istifadə edilir?

Məsələ barədə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamenti ilə əlaqə saxladıq. 

Qurumun Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxt ərazisində kommunal-təsərrüfat sahəsində çalışan işçilər günün müxtəlif saatlarında yollarda xidmət edirlər:

“Paytaxtın mərkəzi küçə və prospektlərində, hərəkət sürəti yüksək olan yollarda xidmətlərini həyata keçirən əməkdaşlar avtomobil işığını əks etdirən xüsusi geyim forması və nişanlarla təchiz olunublar. Bundan əlavə, təhkim olunduqları Mənzil Kommunal və Texniki Xidmət Sahələri tərəfindən onlara təhlükəsizliklə bağlı gündəlik təlimatlar verilir.

Onu da qeyd edək ki, təmizlik zamanı insan əməyindən istifadə praktikası dünyanın müxtəlif ölkələrində geniş tətbiq olunur”.

“Eyni zamanda, yollarda xidmət göstərən xüsusi texnikalar hərəkət intensivliyi aşağı olan vaxtlarda şəhərin müxtəlif ərazilərində təmizlik işlərini həyata keçirirlər. Onu da nəzərə almalıyıq ki, yolların qırağında park edilmiş avtomobillərin mövcudluğu, həmçinin texnikanın tıxaca səbəb olması səbəbindən onlardan, əsasən, səhər saatlarında istifadə edilir”, – deyə qurumdan vurğulanıb.

Nəqliyyat üzrə ekspert Adil Nəbiyev isə resmixeber.az-a açıqlamasında bildirib ki, yolları təmizləmək üçün xüsusi texnikalar çoxfunksiyalıdır və hər mövsümdə işləyə biləcək elementləri var:

“Onlar yolları təmizləyir, baryerləri yuya bilir. Eyni zamanda, qar yağanda da yolu təmizləyir. Yəni bir texnika bir neçə işə yarayır.

Ancaq yollarda təhlükəsizlik qaydalarına əməl olunmur. Yolların kənarlarında səkilər, demək olar ki, yoxdur. Bununla bağlı ən böyük problemə Ziya Bünyadov prospektində rast gəlmək olur.

Sürücü səki olmayan yerdə adamı görən zaman çalışır ki, onu vurmasın, amma bunun üçün gec olur. Bir müddət əvvəl “Bakı Metropoliteni” QSC-nin “Koroğlu” stansiyası yaxınlığında külək əsən zaman reklam lövhəsi qırılmışdı, təmizlik edən qadın qaçmışdı ki, üzərinə düşməsin, amma avtobus onu vurub öldürdü”.

A.Nəbiyev vurğulayıb ki, bizim ölkədə də müvafiq texnikalar var və bu cür hadisələrin olmaması üçün avtomobil yollarında insanlar yox, maşınlar işləməlidir:

“Havanın külək, soyuq olan bir vaxtında da bizdə texnika deyil, qadınlar işləyirlər”. 

Sosioloq Aynur Hacıyeva saytımıza açıqlamasında bildirib ki, küçələrin təmizliyinə baxan, çalışan insanların təhlükəsizliyi, demək olar ki, təmin olunmur:

“İşçilər arasında yaşlı insanlar üstünlük təşkil edirlər. Maşınların sürətlə hərəkət etdiyi yolların kənarlarında təmizlik işləri ilə məşğul olan insanlar hər an həyati təhlükə ilə üzləşirlər.

Bu cür halların qarşısının alınması üçün aidiyyəti qurumlar məsuliyyət daşımalıdırlar. İşçilər bu cür təhlükəli işlərə cəlb olunmadan əvvəl tədbirlər görülməlidir. Maşınların gur hərəkət etdikləri saatlarda insanlar yol kənarlarında işləmək üçün cəlb edilməməlidirlər”.

Hüquqşünas Cavid Babayevin sözlərinə görə, cinayət qanunu bu cür əməlləri ehtiyyatsızlıqdan törədilən əməllərin təqsir formasına aid edir:

“Belə hadisələrin törədilməsi zamanı təqsirin dərəcəsi, hadisə nəticəsində dəyən zərər və məhrumiyyətlərə bağlıdır. Mövcud Cinayət Məcəlləsinin 263-cü maddəsində “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma” cinayətləri ilə bağlı böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərin təsnifinə uyğun cəza tədbirləri mövcuddur. Məcəllədə bu cəza tədbiri iki ildən on ilədək müəyyən olunur. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin barəsində törətdiyi əməlin xarakteri, ictimai təhlükəliliyi nəzərə alınmaqla, azadlıqdan məhrum etmə cəzasını, alternativ cəza tədbirləri ilə əvəz olunmasını müəyyən edə bilər.

Cinayət qanununa əsasən, Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 

“Digər tərəfdən, ola bilsin ki, şəxs yüngül yol nəqliyyat hadisəsi törətsin, bunun nəticəsində sərnişinə və ya digər şəxsə yüngül bədən xəsarəti yetirilsin. Belə olan halda, sürücü barəsində inzibati tənbeh kimi mövcud İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququn məhdudlaşdırılması təyin olunur”, – deyə o qeyd edib.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev resmixeber.az-a açıqlamasında bildirib ki, böyük şəhərlərdə təmizlik işləri, adətən, gecə saatlarında görülür:

“Bunun üçün də təhlükəsizlik tədbirlərinə əməl olunur. Bura – xəbərdarlıq, küçənin işıqlandırılması, nişanlar və sair daxildir. Şəhər küçələrinin yuyulmasını, süpürülməsini texnika edir. Təbii ki, həmin sahədə çalışanların təhlükəsizliyi qabardan elementlər olan xüsusi forma geyinmələri mütləqdir”.

Ekspert bildirib ki, Bakı şəhərində mobillik problemi var:

“Bu gün yollarda avtomobillər çoxdur və hər hansı bir yolun hətta təmir üçün bağlanması ümumi hərəkətə təsir göstərəcək. Yoldakı nəqliyyat vasitələrinin sayına təsir edə bilsək, eyni zamanda, səkilər abadlaşdırılsa, velosiped və skuter zolağı çəkilsə, nəticədə avtomobillərin sayı azalacaq. Bununla da küçələrdəki təmizlik işlərinin texnika ilə aparılmasına sıxlığın maneə yaratması arqumenti olmayacaq. Yaxşı olardı ki, bu növ işlər təhlükəsizlik tədbirləri nəzərə alınmaqla, gecə saatlarında görülsün”. 

Qeyd edim ki, insanlar hər gün səhər işə gedəndə küçəni təmiz halda görsünlər deyə süpürgəçilər sübh tezdən küçələri süpürürlər. 

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir