“Evin sonbeşiyidir, təsadüfən oldu”: 50 yaşdan yuxarı 63 qadın ana olub – ARAŞDIRMA + FOTO

Cəmiyyət


Yaşadığımız dövr öz-özlüyündə o qədər mürəkkəbləşib ki, insan nə fəaliyyətində, nə şəxsi həyatında, nə də istirahətində öncədən planlaşdırdıqlarını edə bilir. İlk və haqlı olaraq başımız qarışır təhsil almağa. Daha sonra çətinliklə iş tapırıq və baş qarışır iş həyatına, karyera qurmağa. Bir də baxırıq ki, illər bizi gözləmir, ailə qurub uşaq sahibi olmaq yaşı artıq keçib.

Araşdırmalar göstərir ki, insanın evləndiyi yaş qurulan evliliyin keyfiyyətinə təsir edə bilər. Sosial şəbəkələrdə, eləcə də müxtəlif müzakirə qruplarında aparılan söhbətlərin ümumi məğzinə baxsaq, çox insan 25 yaşından əvvəl həyat yoldaşı seçərkən səhvə yol verdiyini etiraf edir. Bu yaş ortalaması həm kişilər, həm qadınlar üçün keçərlidir.

Müəyyən bir qrup düşünür ki, 28 yaşlı qadınlar həyat təcrübələri çox olduğundan sağlam evlilik üçün daha düzgün seçim edə bilərlər. Bu mövzuda kişilərin əksəriyyəti 32 yaşa qədər ailə məsuliyyətinə tam hazır olmadıqlarını etiraf edir.

Şübhəsiz, xoşbəxt olmağın standart bir düsturu yoxdur, ola da bilməz. Amma yaş sağlamlığa təsir edən amillərdən biridir. Gec ailə quran qadınların sağlam övlad dünyaya gətirmək şansı azalır, çünki zamanla orqanizmin inkişaf tempi zəifləyir. Paralel olaraq müxtəlif xəstəliklər meydana çıxa bilər, qadının reproduktivlik dövrü də çox böyük deyil.

Azərbaycan Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, 2022-ci ildə 50 və daha yuxarı yaşlı qadınlar arasında ana olanların sayı 63 olub.

Bu, çox ciddi və müzakirə ediləcək rəqəmdir. Suallar yaranır ki, bu qadınların dünyaya gətirdiyi uşaqlar arasında sağlam və patologiya ilə qeydə alınan doğumlar nə qədərdir? Uşaqların sağlamlıq durumu qənaətbəxşdirmi? Ümumiyyətlə, qadınların ana olmaq üçün maksimum yaş aralığı hansıdır?

Çünki bu yaş aralığı hamiləlik dövrünün riskli keçdiyi illər hesab edilir. İstər ananın, istər də dünyaya gələcək körpənin sağlamlığı üçün nəzərə alınmalı məsələlər var.

Bununla bağlı resmixeber.az-ın suallarını Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, tibb üzrə fəlsəfə doktoru, dosent Aynurə Əmirova cavablandırıb.

Aynurə Əmirova qadınların ana olmaq, sağlam övlad dünyaya gətirmək üçün ən erkən və ən gec yaş dövrü ilə bağlı suala cavab olaraq bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, reproduktiv yaş 15-49 yaş arası qəbul olunub:

“Bu yaş aralığında qadının hamilə qalmaq imkanı var. Lakin optimal yaş dönəmi 20-30 yaş arası məsləhət görülür. Hamiləliklə bağlı ağırlaşmaların yaşanmasına ən az bu yaş dövründə təsadüf edilir”.

45 yaşdan yuxarı qadınlarda hamiləliklə bağlı fəsadlara daha çox rast gəlinir

Həkim 50 və daha yuxarı yaşda hamiləlik dövrünü gec reproduktiv yaş dövrü hesab edir. Bu yaş aralığında doğuş zamanı hansı patologiyaların müşahidə edildiyinə dair sualı cavablandıran A.Əmirova qeyd edib ki, 45 yaşdan yuxarı qadınlarda hamiləliklə bağlı fəsadlara daha çox rast gəlinir:

“Bunlara arterial təzyiqin yüksəlməsi, preeklampsiya və eklampsiya kimi hipertenziv vəziyyətləri aid etmək olar. Təbii ki, bu yaşda olan qadınların hamiləlik periodunda uşaqlığın yığılma qabiliyyəti daha zəif olduğuna görə qanaxma riski də yüksək ola bilir. Eyni zamanda, ekstragenital xəstəliklərə də gec reproduktiv yaş dövründə daha tez-tez rast gəlindiyini nəzərə almaq lazımdır”.

Mütəxəssis son dönəmlərdə gec – reproduktiv yaş dövründə hamilə qadınların sayının artdığına görə sırf hamiləliyin patoloji vəziyyətlərinin də rastgəlmə tezliyinin çoxaldığını vurğulayıb:

“Hipertenziv vəziyyətlər, doğuşdan sonrakı qanamalar, infeksion ağırlaşmalar, ekstragenital xəstəliklərlə bağlı olan problemlər, hestasion diabet, şəkərli diabet kimi problemləri buna misal göstərmək olar”.

50 yaşda valideyn olan ata-ana uşağını hansı yaşa qədər böyüdə biləcək?

Psixoloq Təranə Kazımlı resmixeber.az-a açıqlamasında 50 və daha yuxarı yaşlarda qadınların dünyaya gətirdiyi uşaqlar arasında həm sağlam, həm də patologiya ilə dünyaya gələn uşaqların olduğunu qeyd edib. Onun fikrincə, bəzi şəxslər var ki, 15-25 il nikahdadırlar, sadəcə, övlad sahibi ola bilmirlər:

“Əslində, övlad sahibi olmaq istəyib, uzun müddət buna nail ola bilməyən ailələrin birlikdə səbir, təmkinlə müalicə alması sevindiricidir. Ailələrin uzunmüddətli olması, bu səbəbdən dağıılmaması müsbət haldır. Amma burada təbii bir məqam odur ki, ailə quran hər kəsin ülvi arzusu övlad sahibi olmaqdır. Son vaxtlar 40-45 yaş aralığında evlənən cütlüklərin də sayı artıb. Onların əksəriyyəti ikinci dəfə ailə həyatı quranlardır. Yaxud da böyük şəhərlərdə yaşayan insanlardır ki, başları qarışır karyeraya və yaş ötür.

Amma reallıq da var. Yaşları çox olan cütlüklər övlad sahibi olmağa qərar verirlərsə, düşünməlidirlər. O uşağı neçə yaşına qədər böyüdəcək, tərbiyə verə biləcəklər? Ən azından, uşağın 18 yaşına qədər onun yanında olub, dəstək olub, təlim-tərbiyə, təhsil verib cəmiyyətə atılanda yanında ola biləcəklərmi? Çünki bunun üçün ata-ananın özünün də psixoloji və fizioloji durumları yerində olmalıdır”.

Övlad dünyaya gətirməyi biznesə çevirmək olmaz

Psixoloq deyib ki, bu sahədə elm, tibb inkişaf edir və ən sağlam hüceyrələri, yumurtalıqları mayalandırmağa üstünlük vermək lazımdır:

“Təkcə pulum var, elm və tibb mənə imkanlar yaradır, hər an övlad sahibi ola bilərəm demək lazım deyil. Bunu biznesə çevirmədən elmi, genetik araşdırmalar aparıb ən sağlam yumurtalıqları mayalandırıb cütlükləri övlad sahibi etmək lazımdır. Təəssüf ki, bəzən laboratoriya şəraitində bəzi araşdırmaları etmək mümkün olmur. Nəticədə isə sağlamlıq məhdudiyyəti olan uşaqlar dünyaya gəlir. Bu həm o ailə üçün, həm də cəmiyyətin gələcəyi üçün, dövlət üçün bir mənada yükə səbəb olur.

Bu baxımdan mən gec yaşda valideyn olmaq istəyənləri bir daha düşünməyə dəvət edirəm. Psixoloq kimi tövsiyə edirəm ki, düşünsünlər ki, dünyaya gətirəcəkləri övlada nə qədər faydalı ola biləcəklər, uşaq nə qədər sağlam olacaq. İnsanlar hər zaman həzz və özünüdüşünməyə meyillidirlər. Bu, valideyn olmaq hissinə də şamil edilir. Övlad sahibi olmaq hissinə qalib gəlmələrini, daha çox o övlada necə gələcək vəd edə biləcəklərini düşünüb sonra qərar versinlər”.

Psixoloqun sözlərinə görə, ailələr var ki, üç övladından ikisi artıq böyükdür, üçüncü uşaq isə 37 yaşdan sonra dünyaya gəlib. Bu halda valideynlərin övladlarına göstərdiyi diqqətdə, təlim-tərbiyədə müəyyən fərqlər də ortaya çıxır.

Evin sonbeşiyidir, təsadüfən oldu

Təranə Kazımlı gec yaşda övlad sahibi olmaq istəyənlərin müraciət etdiyi tibb müəssislərində tək fiziki sağlamlıq deyil, psixoloji testlərin də aparılmasının önəmli olduğunu qeyd edib:

“Belə ailələrimiz çoxdur. 35-40 yaşında uşaq dünyaya gələndə onun tərbiyəsində də fərq olur. Ailələr var ki, deyirlər, iki övladımız vardı, bu da sonbeşikdir, təsadüfən oldu. “Gözlənilmədən, planlaşdırılmadan dünyaya gəldi” deyən analar var. Hətta elə analar var ki, nənə olduqdan sonra növbəti dəfə ana olurlar. O uşağın psixologiyası, böyüdüyü mühit tam fərqli olur. Bunu düşünmək lazımdır. Ana olmaq hər kəsin haqqıdır, amma valideyn statusu şəxsi eqonu kənara qoymağa vadar edir.

Gələcəkdə övladınızı düşünməyə dəvət edirəm. Çünki 3-5-10 yaşdan sonra o uşaqların reabilitasiyası ilə biz məşğul oluruq. Odur ki, 45-50 yaşdan sonra övlad dünyaya gətirmək istəyən ailələr, valideynlər bir yox, beş dəfə düşünsünlər”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir