Pavel Klaçkov: “Ermənistanda hakimiyyət dəyişikliyi ola bilər” – RUSİYADAN ŞƏRH

Dünya


Ötən həftənin sonunda Ermənistan prezidenti Vaaqn Xaçaturyan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyasını təsdiqləyib. Bu, Rusiya ilə Ermənistan arasında münasibətlərin güclü surətdə pozulduğunu göstərən çox əlamətdar bir hərəkət oldu. Moskva dəfələrlə bəyan edib ki, İrəvanın Roma Statutuna qoşulmasını qeyri-dost addım hesab edəcək.

Bu və digər məsələlərlə bağlı Rusiya Hökuməti yanında Maliyyə Universitetinin filialının direktoru, “İnkişaf Komitəsi” ekspert klubunun rəhbəri, fəlsəfə elmləri namizədi Pavel Klaçkov resmixeber.az-a açıqlama verib. O qeyd edib ki, Roma Statutu Qərbin İrəvanın hakim dairələrinə misli görünməmiş təzyiqinin nəticəsi idi.

“Bu, Rusiyaya qarşı qlobal oyun baxımından Qərbə lazım idi. Onlar üçün hətta Cənubi Qafqazdan da öz təsirlərini göstərə bildiklərini nümayiş etdirmək vacib idi. Ona görə də hesab edirəm ki, Roma Statutuna qoşulmaq Ermənistan rəhbərliyinin düşünülmüş addımı deyil, bayaq dediyim kimi, ciddi təzyiqin nəticəsidir. Görünür, Qərb erməni siyasi elitasına təsir rıçaqlarına malikdir. Ağlı başında olan heç kəs düşünməz ki, bu, ermənilərə və Ermənistanın özünə faydalıdır, əksinə, Rusiya ilə qarşıdurma və münasibətlərin mürəkkəbləşməsidir”, – deyə Klaçkov bildirib.

Onun fikrincə, İrəvan çarəsiz qalmışdı:

“Ola bilsin ki, hər bir qərbyönlü erməni siyasətçi üçün həmin o Qərbdə kompromatlarla dolu xüsusi qovluqlar, bəzi hesablar mövcuddur. Qərbin xüsusi xidmət orqanları bununla bağlı kifayət qədər sərt işləyirlər. Onlar tamamilə özlərinə tabe olan insanların hakimiyyətə gəlməsinə vasitəçilik edirlər”.

Ermənistanın Qərbə doğru atdığı addımların sonrasını isə Klaçkov bu cür görür:

“Növbəti addım, məsələn, Ermənistanda hakimiyyətə ölkəni başqa inkişaf yoluna aparmağa çalışacaq, daha sağlam düşüncəli birinin gətirilməsi ola bilər. Yaxud da deqradasiya davam edə bilər və vəziyyət gərginləşərsə, Ermənistanın hansısa hərbi məğlubiyyətinin təkrarı mümkündür. Yəni biz İrəvanın qeyri-konstruktiv xarici siyasət yürütməsi ilə bağlı acınacaqlı perspektivlər görürük. Ermənistan indi məsələnin “erməni tərəfi”nə heç bir əhəmiyyət verməyən şəxslərə üz tutub, ondan isə alver vasitəsi kimi istifadə olunur. Biz bilirik ki, belə ölkələrin başına nələr gələ bilər”.

Ekspert qeyd edir ki, vəziyyətin pisləşməsi ancaq gərginlik ehtimalını anons edən Qərbin xeyrinə ola bilər:

“Amerikanın “Politico” nəşrində dərc olunan məqaləni xatırlayın, orada tanınmış xadimin, məmurun (söhbət ABŞ-nin Dövlət katibi Antoni Blinkendən gedir – red.) dediyinə görə, bir neçə həftə ərzində Azərbaycanın guya Ermənistana hücum edə biləcəyi barədə məlumat yayılmışdı. Sonradan ABŞ Dövlət Departamenti bu məlumatı təkzib etdi. Lakin bu, məsələnin mahiyyətini dəyişmir, mümkün gərginləşmə ilə bağlı məlumatlar artıq təqdim edilib”.

Klaçkov, həmçinin vurğulayıb ki, Rusiya sərhədlərinin perimetri boyunca daim “zorakılıq tonqalları”nın qalanması Qərb üçün, əslində, faydalıdır.

Nair Əliyev

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir