Avropa İttifaqının ikili standartı: “Seçki”ni tanımırlar, amma separatçıları da tək qoymurlar

Cəmiyyət


Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə münasibətdə ayrı-ayrı qərb institutları, bəzi ölkələr və beynəlxalq qurumlar ikili standartlardan çıxış etməkdədirlər. Qarabağda cəmləşən bir qrup separatçının əsassız iddialarına açıq və gizli şəkildə verilən dəstək buna əyani misaldır. Xüsusən də bu gün Xankəndindəki qondarma rejimin keçirdiyi “seçki” fonunda bu qərəzli münasibət, ikili yanaşma özünü daha qabarıq şəkildə göstərir.

Təsəvvür edin, Qərb ölkələri və institutları Gürcüstanın, Ukraynanın ərazi bütövlüyünə birmənalı dəstək verirlər. Gürcüstanın işğal olunmuş ərazisində yaradılmış Abxaziya və Osetiya “respublikalarını” birmənalı olaraq tanımır, buradakı separatizmi qətiyyətlə pisləyirlər. Eyni qaydada Ukraynanın işğal olunmuş ərazilərində yaradılan Luqansk və Donetsk “respublikaları” Qərb dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tanınmır. Krım yarımadasının da Rusiyanın deyil, Ukraynanın ərazisi olduğuna dair davamlı bəyanatlar verilir. Eyni zamanda həm Gürcüstandakı, həm də Ukraynadakı separatçıların xarici ölkələrə, xüsusən də Qərb dövlətlərinə səfərləri birmənalı şəkildə yasaqlanır, onlara qarşı sərt sanksiyalar tətbiq edilir.

Amma nədənsə bu cür birmənalı mövqe Azərbaycana, onun ərazi bütövlüyünə münasibətdə özünü göstərmir. Düzdür, sözdə ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olunur, amma Qarabağdakı separatçıların himayədarlığı da heç vaxt yaddan çıxarılmır. Xankəndidəki cinayətkarların səsləri ABŞ-dən, Fransadan, Avropa İttifaqının üzvü olan digər ölkələrdən gəlir, hətta Qarabağdakı qeyri-qanuni qruplaşmanın mövcud olması üçün ianələr toplanılır. Bir sözlə, dovşana qaç, tazıya tut deyilir.

Bu gün Qarabağdakı separatçıların “seçkisinə” münasibətdə bu yanaşma özünü bir daha göstərib. Azərbaycana dost-qardaş ölkələr, beynəlxalq hüququn prinsiplərini əsas götürən dövlətlər birmənalı olaraq bu “seçkini” qınayıb, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə dəstək ifadə ediblər. Avropa İttifaqı isə bəyanat yayaraq, 9 sentyabr 2023-cü il tarixdə Xankəndidə keçirilən qondarma “prezident seçkisi”nin konstitusiya və hüquqi çərçivəni tanımadığını bəyan etsə də separatçılara dəstəyindən geri qalmayıb.

Avropa İttifaqı hesab edib ki, Qarabağ erməniləri Bakı ilə nəticəyönümlü müzakirələr aparmağa qadir və buna hazır olan “lider”in ətrafında cəmləşsinlər. Avropa İttifaqı bu prosesi dəstəkləməyə sadiq olduğunu xüsusi vurğulayıb. Bu rüsvayçı yanaşma ilə Avropa İttifaqı Qarabağda çoxsaylı hərbi cinayətlər törədən, atdığı addımlarla Azərbaycanın ərazi bütövlüyünə qəsd edən qondarma rejimi himayə edib. Maraqlıdır, nəyə görə Ukraynanın, Gürcüstanın ərazilərində yaradılan oyuncaq qurumların “liderlərinə” belə mərhəmət göstərilmədiyi halda, Qarabağdakı separatçılara bu cür dəstək verilir? Bunun adı qərəzli yanaşma, ikili standartlar, qeyri-obyektivlik, həmçinin beynəlxalq hüququ ayaqlar altına atmaq deyil, bəs nədir?

Alpər Turan

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir