Rusiyalı politoloq: “Hər kəsə aydındır ki, Qarabağda humanitar fəlakət yoxdur”

Dünya


“Ermənistan və Fransa öz siyasi maraqlarını təmin etmək üçün erməni əhalisinin yaşadığı Qarabağ bölgəsində “böhran”ı süni şəkildə şişirdirlər”.

Bunu “resmixeber.az“a açıqlamasında, “PolitRus” informasiya-analitik portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkov deyib.

Politoloq Qarabağda genişmiqyaslı humanitar fəlakət barədə deyilənləri əsassız adlandırıb.

“Hər kəsə aydındır ki, Qarabağda belə bir şey yoxdur. Bunlar Qarabağın ərzaqla təmin edilməsi məsələsində Ağdam-Xankəndi yolundan əlavə nəqliyyat arteriyası kimi istifadə etməkdən imtina edən İrəvanın müstəsna destruktiv mövqeyindən qaynaqlanan yalnız kiçik çətinliklərdir”, – o deyib.

V.Arkov qeyd edib ki, Ermənistan Laçın yolu ilə yüklərin tranziti məsələsində də analoji destruktiv mövqe tutub:

“İrəvan Azərbaycanın Ermənistanla sərhəddə yaratdığı “Laçın” sərhəd-buraxılış məntəqəsinin sökülməsini tələb edir. Lakin sərhəd-buraxılış məntəqəsi Laçın rayonunda, Azərbaycanın suveren ərazisində tikildiyi üçün bu tələblərin heç bir hüquqi əsası yoxdur. Bundan başqa, Azərbaycan tərəfinin ölkəyə kimin daxil olduğunu və hansı malların idxal olunduğunu bilmək hüququ var”.

Politoloqun fikrincə, Qarabağ sakinlərinin Fransanın köməyinə ehtiyacları yoxdur.

O xatırladıb ki, Fransa və Ermənistan “humanitar yardım” adı altında Qarabağa göndərməyə çalışdıqları yüklərin yoxlanılması hüququnun Azərbaycana verilməsindən imtina edirlər:

“Parisin məqsədi bəllidir – Cənubi Qafqazı özünün neokolonializminə çevirmək. Ermənistan çoxdan könüllü olaraq Fransanın müstəmləkəsinə çevrilib. Paris öz məqsədinə çatmaq üçün heç nəyə, hətta Azərbaycanla Ermənistan arasında yeni müharibənin qızışdırılması ehtimalına da son qoymayacaq”.

Eyni zamanda, siyasətçi əmindir ki, Fransanın Cənubi Qafqaz regionunda təsir imkanlarını genişləndirmək cəhdləri uğursuzluğa məhkumdur:

“Dünyada bir sıra məğlubiyyətlərdən sonra Emmanuel Makron Cənubi Qafqazda da biabırçı fiasko ilə üz-üzədir”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir