“Axı mən necə deyim ki, anam məni zibil qutusuna atıb?”: Həll edilməyən “baby box” problemi – ARAŞDIRMA + FOTO

Cəmiyyət


İyulun 17-də qadın Sabunçu rayonunda yeni doğulmuş körpəsini məişət tullantıları qutusuna atıb. Uşağı Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri Q.Vəzirov küçəsində məişət tullantıları qutusunun birindən tapıb və polisə məlumat veriblər.

Hazırda körpənin müalicəsi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. Sabunçu Rayon Məhkəməsi tərəfindən uşağın anası, Səbinə Qasımova barəsində istintaq müddəti dövründə polis nəzarəti altında qalma barədə qərar qəbul olunub və məhkəmə zalından buraxılıb.

Bu cür hadisələrlə tez-tez olmasa da, vaxtaşırı rastlaşırıq. Hər il dünyada milyonlarla uşaqdan valideynləri imtina edirlər. Azərbaycanda yeni doğulmuş körpələri zibil qutularına, xəstəxana həyətinə atırlar. 

Əsas səbəblər qeyri-qanuni nikah və ya dünyaya gələn uşağın səhhətində problemlərin olmasıdır.  

Xatırlayıram, iki-üç il əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Şağan qəsəbəsində yerləşən 1 saylı sosial xidmət müəssisəsində sağlamlıq imkanları məhdud bir uşaqla müsahibə edirdim. Müəssisəyə gəliş səbəbini soruşdum. “Axı mən insanlara necə deyim ki, anam məni zibil qutusuna atıb, gedib?” – söyləyib, ağladı. Mən həmin vaxt bilməyərəkdən onu incitdim. İkimiz də susduq… Sualımdan peşman olmuşdum.

Səbəbindən asılı olmayaraq, uşaqların küçəyə atılması insanlığa sığmayan hərəkətdir. Bu hallar uşaqların həyatını riskə atır. Çünki atılmış uşaqlar hansısa heyvanların qurbanı ola, yaxud zibillərin içində boğula, əzilə, poliqona atıla bilərlər.

Hüquqşünas Cavid Babayevin sözlərinə görə, adıkeçən hadisədəki əməl, mövcud Cinayət Məcəlləsinin tələblərinə əsasən, qəsdən köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd kimi qiymətləndirilə bilər:

“İstintaq orqanı tərəfindən mövcud Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq, təqsirləndirilən şəxsin polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi Cinayət Prosessual Məcəlləsinin 155-ci maddəsinə uyğun olaraq tətbiq edilib. Belə ki, Məcəllənin 155.4-cü maddəsinə əsasən, polisin nəzarəti altına vermə yalnız azadlıqdan məhrumetmə növündə cəza tətbiq edilə bilən cinayətin törədilməsində şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilə bilər. 

Cinayət təqibini aparan orqan tərəfindən təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçməsi qanunun tələblərindən irəli gəlir. Bununla yanaşı, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtləri pozulduqda müstəntiq və ya prokuror onun tutulması barədə qərar çıxara bilər.

Xüsusən vurğulamaq lazımdır ki, qətimkan tədbiri təqsirləndirilən şəxsə qarşı istintaq hərəkətləri aparılan zaman seçilən prosessual məcburiyyət tədbiridir. Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olaraq tətbiq edilir”.

Qeyd etmək lazımdır ki, hazırkı iş üzrə zərərçəkmiş yetkinlik yaşına çatmayan şəxsin hüquqları, mövcud Cinayət Məcəlləsinin, Cinayət Prosessual Məcəlləsinin və “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi” haqqında Azərbaycan Respublikasının Qanunu ilə qorunur.

“Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Qanunun 10.1-ci maddəsinin tələbinə əsasən, zəruri hallarda yetkinlik yaşına çatmış müdafiə olunan şəxslər onların razılığı ilə, yetkinlik yaşına çatmayan şəxslər isə valideynlərin və ya onların qanuni nümayəndələrinin razılığı ilə müvəqqəti olaraq təhlükəsiz yerdə yerləşdirilə bilərlər.

Hüquqşünas qeyd edib ki, ananın törətdiyi əməl özündə birbaşa qəsd ehtiva edir, buna görə də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə görüşməsi, yalnız yetkinlik yaşına çatmayan şəxsin qanuni mənafeləri naminə, cinayət təqibini aparan orqanın razılığı ilə ola bilər:

“Buraya ana südü və s. kimi həyati əhəmiyyətli hərəkətlərin təmin edilməsi nəzərdə tutulur. Digər tərəfdən, məhkəmə təqsirləndirilən şəxsin analıq hüququndan məhrum edilməsi ilə bağlı işə baxa bilər”.

Bəs necə edək ki, “ana”ları tərəfindən zibil qutusuna atılan körpələr gələcəkdə bunu eşitməsinlər?

İnkişaf etmiş bəzi ölkələrdə dünyaya uşaq gətirən valideyn ondan imtina etmək niyyətinə düşürsə, bunun üçün ona müvafiq şərait yaradılır. Belə valideyn yaxınlıqdakı istənilən tibb məntəqəsinə heç bir prosedur keçmədən və məxfilik qorunmaq şərti ilə uşağını təhvil verə bilər.

Bunun üçün tibb məntəqələrinin yaxınlığında “baby box”lar (uşaq qutuları) yerləşdirilir. Uşağı qutuya qoyandan sonra avtomatik olaraq pəncərə bağlanır. 

Bu zaman iki dəqiqə ərzində siqnalizasiya işə düşür, dərhal tibbi heyət gəlib uşağı götürür.

Qeyd edək ki, “baby box” 2005-ci il iyunun 1-də ilk dəfə Çexiyada Beynəlxalq Uşaq Günündə özəl bir tibb mərkəzində yaradılıb. Artıq dünyanın çox yerində var.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə resmixeber.az-a açıqlamasında bildirib ki, illərdir ki, “baby box”ların yaradılması barədə desə də, məsələ həllini tapmır:

“Küçəyə, zibilliyə atılan uşaqların sağlamlığının qorunması üçün “baby box”lara ehtiyac var. İllərdir, deyirəm ki, yaradılmalıdır, amma dövlət qurumları deyirlər ki, buna zərurət yoxdur. Səbəb kimi xəstəxanalara xüsusi avadanlıq yerləşdirilməsi və siqnalizasiya bağlanması əsas gətirilir.

Qurumlar bunu etməlidirlər. Heç olmasa, iki-üç xəstəxana yanında bu avadanlıq olarsa, təbliğat aparılsa, o uşaqları zibil qutularına tullamazlar. Öz uşaqlarından imtina edən valideynləri qınasaq da, problemin həlli yolu deyil. Körpələr zibil qutularına atılmağı haqq etmirlər”.

Məsələ ilə bağlı suallarımıza qurumlardan cavab ala bilmədik. Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi məsələnin onların səlahiyyətində olmadığını dedilər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Zamirə Ədilova resmixeber.az-a açıqlamasında bildirib ki, ölkəmizdəki müvafiq qanunlara uyğun olaraq, qadın dünyaya gətirdiyi körpədən dərhal imtina etmək istədikdə həmin tibb müəssisəsində imtina ərizəsi yazır və aidiyyəti icra hakimi orqanları və polis əməkdaşları dəvət edilərək hadisə aktlaşdırılır:

“Həmin körpə tibb bacısının müayinə və müalicəsindən keçdikdən sonra müvafiq körpələr evinə təhvil verilir. Körpəyə ad, soyad və doğum haqqında şəhadətnamənin verilməsi kimi rəsmi prosedurlar da elə həmin körpələr evində həyata keçirilir”.

Bəs ailələri tərəfindən atılan uşaqların övladlığa verilməsi proses necədir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2023-cü ilin ötən dövrü ərzində 78 uşaq övladlığa verilib:

“Onlardan 36 nəfəri oğlan, 42 nəfəri qızdır. Övladlığagötürmə üzrə idarəetməni 1 noyabr 2019-cu il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Bu sahədə yeni idarəetmə modeli yaradılmaqla, xidmətlərin elektronlaşdırılması, şəffaf və çevik xidmətlər sisteminin qurulması təmin edilib. Həmin vaxtdan ötən dövrdə 441 uşaq övladlığa verilib. Onlardan 225 nəfəri oğlan, 216 nəfəri isə qızdır”.

Qurumdan qeyd edilib ki, uşaqların övladlığa götürüldükləri ailələrdə layiqli həyat tərzinin, fiziki-mənəvi inkişafının təmin olunmasına güclü nəzarət həyata keçirilir:

“Övladlığa götürülən uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onların ailələrdəki vəziyyətinin öyrənilməsi üçün monitorinqlər aparılır. Görülən reinteqrasiya tədbirləri nəticəsində 2023-cü ilin ötən dövründə 76 uşaq öz ailəsinə qaytarılıb”.

Məsələnin həlli hələlik aktual görünmədiyi üçün atılmış uşaqların taleyi, görünür, bir müddət qaranlıq qalacaq…

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir