Priqojin

Dünya


Kubra Məhərrəmova yazır…

Dünya KİV-lərinin əsas qəhrəmanına çevrilən, son 30 ildə ilk dəfə olaraq Rusiyada hərbi çevrilişə cəhd göstərən Priqojin barədə birmənalı xəbər yoxdur. Bəzi iddialara görə isə Priqojin hətta həbsdədir. 

Heç şübhəsiz ki, Rusiya kəşfiyyatı, əks-kəşfiyyatı bu gün heç də ən zəif bənd deyil. Baxmayaraq ki, sovet dövründən bu yana xeyli formadan düşüb. Bir az kökəlib, bir az harınlayıb, bir az da “şişib”. 

Amma bütün hallarda bu strukturların əl ata biləcəyi rıçaqlar var və olacaq. Gəzən şayiələrə görə isə hal-hazırda Rusiya Federal Təhlükəsizlik Xidməti ordu, ordudakı yüksək rəhbərlik və zabitlər haqqında prezidentə maraqlı məlumatlar ötürüb. Bundan sonra Rusiya ordusunda kimlərin başının gedəcəyi sual altındadır. Ordunun kəşfiyyatını isə Baş Kəşfiyyat İdarəsi həyata keçirir. 
Qeyd edim ki, Rusiyada illərdir bu iki qurum bir-birinə patoloji nifrət edir. 

Baş Kəşfiyyat İdarəsi (rus. Главное разведывательное управление – ГРУ) – Rusiya Silahlı Qüvvələrinin hərbi kəşfiyyatının mərkəzi idarəetmə orqanı və Rusiya Federal Təhlükəsizlik Xidməti (rus. Федеральная служба безопасности Российской Федерации – ФСБ). Bu iki qüvvə daim çəkişmələr içində bir-birinin paxırını açmaqla məşğuldur. Həm də FSB özünü daha elitar, varlı və güclü sayır, QRU-ya isə kasıb, ancaq maaşla dolanan, acından ölən və əfəl hesab edir. 

Qeyd etməliyəm ki, bir sıra nüfuzlu ekspertlər də hesab edirlər ki, QRU həqiqətən də kəşfiyyat üçün məlumat toplayan, xüsusi təyinatlıları hazırlayan, ordunun möhkəmliyi üçün əmək sərf edən qurumdur. 

FSB-nin isə korrupsiyaya bulaşması barədə isə KİV-də xeyli sayda məlumat var. Son illərin səs-küylülərindən biri də FSB-nin “K” departamentinin bank şöbəsinin keçmiş rəhbəri Kirill Çerkalindir. Çerkalinin ancaq iş otağında aparılan axtarışlar zamanı 12 milyard rubl (185 milyon dollar) müsadirə olunmuşdu. 

Yəni bu ancaq nağd vəsait idi. İndi banklarda, ofşorlarda nə var, nə yox bunu ancaq Allah bilir. 

Qısa giriş verməyimin səbəbi odur ki, təqribi konturlar sizə ayan olsun. 

Bu iki qurumu qanlı-bıçaq edən son hadisələrdən biri Ukrayna-Rusiya müharibəsi hesab olunur. Əgər yadınızdadırsa, Rusiyanın ali rəhbərliyi üç gün ərzində Kiyevi götürəcəyini və ukraynalıları “nasistlərin” əlindən xilas edəcəyini bəyan etmişdi. Və bu hərbi kampaniyaya da müharibə deyil, “xüsusi hərbi əməliyyat” adı vermişdi. 

Üç günə planlaşdırılan, Kiyevdə rus ordusunun hərbi paradı baş tutmayanda isə suallar meydana çıxdı. Və yenə də məlum oldu ki, Rusiyanın kəşfiyyat orqanları Putinə heç də doğru məlumat ötürməyiblər. Nə Ukraynada baş verən hadisələr, nə də Rusiyanın ordusu və silahları barədə. 

Büdcə ilə dolanan ordunun və silahlı qüvvələrin Ukraynada yaşadığı uğursuzluqdan sonra səhnəyə “vaqnerçilər” çıxdılar. 

“Vaqnerçilərin” əməyindən isə Rusiyanın ali rəhbərliyi 2014-ci ildə Ukraynada, daha sonra Afrikada istifadə edib. Priqojin və “vaqnerçilər” Afrikadakı hərbi kampaniyalar zamanı xüsusi amansızlıqla törətdikləri hərbi cinayətlərdə ittiham olunurlar. Lakin bu ittihamlar heç bir hüquqi qiymətini almayıb. 

Qeyd edim ki, “Vaqner” özünü özəl hərbi silahlı birləşmə kimi təqdim edir. Yəni muzdlu hərbi kontingent müəyyən məbləğ qarşılığında dünyanın istənilən yerində döyüşməyə hazırdır. 

Amma və lakin hamı bilir ki, “Vaqner” Rusiyanın dövlət büdcəsindən maliyyələşir. Priqojinin hərbi birləşməsində ağır texnika, artilleriya və hərbi aviasiyasının mövcudluğu onların ciddi qurum olduqlarından xəbər verir. 

2023-cü ilin mayında Priqojin öz muzdluları tərəfindən Ukraynanın Baxmut şəhərinin tutulduğunu elan etdi və bu isə onun dünyanın ikinci ordusunun “paqonlarının” cırıb ordu generallarının qoltuğuna verməsi, həm də Putinin qarşısında xal qazanması demək idi.

Müxtəlif kəşfiyyat qurumlarının verdiyi məlumata görə “vaqnerçilər” ancaq Ukraynada 30.000 canlı itki verib. Mütəmadi olaraq sosial şəbəkələrdə videoçağırış edən Priqojin isə itkilərinin səbəbini Rusiyanın yüksək səviyyəli hərbi məmurlarında görür, tələb olunan təminatın göndərilmədiyini açıq deyərək, məmurları təhqir edirdi. Onları korrupsiya və ordunun dağıdılmasında ittiham edirdi. 

Amma və lakin aşpazın ətrafı bildirir ki, onun Rusiyanın müdafiə nazirliyi ilə konflikti 2017-ci ildən başlayıb. Belə ki, o, Şoyqu və onun generallarını 2017-ci ildə Suriya Palmirasına ikinci (təkrar) hücumu zamanı əldə olunan “qələbəni” özlərinə götürdüklərinə görə bağışlaya bilməmişdi. Çünki təkrar hücum zamanı “vaqnerçilər” böyük əmək sərf etmişdilər. Bu haqsızlıqdan sonra Priqojinin Şoyqu və “orduyla” münaqişələri mütəmadi olaraq təkrarlanaraq ən pik nöqtəyə gəlib çıxır. Deyilənlərə görə Priqojin hətta Şoyqunun onun yanına göndərdiyi elçi-generallardan birini də əməlli döymüşdü. 

Ümumiyyətlə “aşpazın” zorakılıqla arasının əla olduğu məlum faktdır. Priqojinin istər ofisində, istər biznesində, istərsə də hərbi birləşməsində zorakılıq əsas idarə üsuludur. Onunla çalışmış insanların hər biri ən xırsa səhvə görə döyüldüklərini, hətta günlərlə ofisin zirzəmisində saxlanılaraq işgəncə aldıqlarını bildirirlər. Bəzilərinin isə işgəncələr nəticəsində öldüyü də deyilir. 

Lakin bütün şikayətlər Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən ya araşdırılmayıb, ya da “kifayət qədər dəlilin” olmamasına görə bağlanılıb. 

Onu da qeyd edim ki, Priqojin sizə adi, sıradan adam gəlməsin. Priqojinin “ofisində” siyasi texnoloqlardan tutmuş, internet resurslarda döyüşən böyük “trol” ordusuna qədər böyük heyət çalışır. Belə ki, onun “Telegram”da kanalları,  digər media vasitələri mövcuddur ki, lazım olan anda böyük informasiya “axını” təmin olunaraq məsələ lazımi istiqamətə yönləndirilir. 

Nə isə, qayıdaq Priqojinin Putinin üzünə ağ olması anına. Niyə “ağ olması” deyirəm, çünki Priqojini adam edən elə Putinin özü olub. 
Üzürlü sayın, məsələ bir az uzanır, amma qısa məlumat vermədən keçə bilmirəm. Yevgeni Priqojin gənc yaşlarından cinayətlər törədərək illərini həbsxanalarda keçirib. Hətta onun bir barmağında falanqasının əskik olması da, həbsdə olan dövrlərə təsadüf edir. Niyə bu məqama diqqət çəkdim. Çünki “aşpazın” arada “oxşarlardan” istifadə edərək təhlükəli yerlərə onları göndərdiyi barədə də məlumatlar var. Lakin həmin “oxşarların” barmaqları yerində olur. 

Priqojin “aşpaz” olmamışdan əvvəl isə sadəcə “Jako” idi. Sıradan soyğunçu, cinayətkar, zorakılıq və törətdiyi cinayətlərə görə həbsxanada təqribən 10 il zaman keçirən residivist.  

Həbsxanadan çıxanda isə o, artıq  90-cı illərin Rusiyasına rast gəlir. Bu zaman kəsiyi elə Priqojinkimilər üçün əsl tapıntı idi. Reketlər, kriminal birləşmələr, böyük və kiçik biznesə “krışalıq” edənlər üçün münbit dövr. Məhz bu dövrdə “Jako” ilk babat pullarını qazanır. 

Sankt-Peterburq 90-cı illərdə Rusiyanın “kriminal paytaxtı” olduğundan kriminal dairələrin bir çoxunu şəxsən tanıyan nüfuzlu sankt-peterburqlu iş adamlarında biri xatırlayır: “Priqojin sərt oğlandır”. “Bundan başqa, o, yəhudidir və ola bilsin ki, bu Mirilaşvili və Spektorun (Sankt-Peterburqdakı yəhudi icmasının görkəmli nümayəndələri) onun işə götürməsində rol oynayıb”.

Məhz Mirilaşvili və Spektor keçmiş cinayətkara – Priqojinə müstəqil biznes – məşhur restoranlar yaratmaq üçün ciddi məbləğdə pul verirlər. “Jako” isə bu fürsətdən doğru yararlanaraq başgicəlləndirici karyera yüksəlişi əldə edir.

Bu gün “Vaqner” kimi ciddi hərbi birləşməyə sahib olan Priqojinin nə vaxtsa restoran biznesi ilə məşğul olduğu gülməli gələ bilər. Lakin bu sahədə uğuru ona “aşpaz” ləqəbini əlavə edir. 

Putinlə görüşə zəmini də, məhz restoran biznesi yaradır. 

1995-ci ilin sonunda “aşpazın” Peterburqda açdığı “Staraya tamojnya” restoranının müştəriləri sırasında şəhərin ovaxtkı meri Anatoli Sobçak və həyat yoldaşı da var idi. 25 il restoranın meneceri olan britaniyalı Entoni Gere öz xatirələrində qeyd edir ki, Putini də ilk dəfə elə burada görürlər. O zaman Putin hələ Sobçakın köməkçisi idi. 

Putin prezident olduqdan sonra dəfələrlə “aşpazın” digər restoranı “New Island” gəmi-restorana dünya liderləri ilə yeməyə gəlir. Qonaqlar sırasında Yaponiyanın baş naziri Yoşiro Mori, Fransa prezidenti Jak Şirak, və Corc Buşu göstərmək olar. 

Lakin dövlət səviyyəli banket və keyterinq xidməti artıq “aşpaza” azlıq edirdi. O daha böyük zirvələrə doğru addımlamaq arzusunda idi. Bu işdə də Putin ona dəstək olur. 

2011-ci ildə Priqojin “Konkord” şirkətini yaradır ki, bu da məktəblər və ordu üçün sənaye miqyasında hazır yeməklər istehsal edir. 
Çox yazmadan qeyd edirəm ki, bu fabrik o zaman iki milyard rubla başa gəlmişdi. 

Böyükmiqyaslı dövlət sifarişlərini yerinə yetirən bu fabrik günə 25 ton məhsul istehsal etməklə sahibinə hansı qazancın gətirməsi barədə yalnız təsəvvür edə bilərik. Çünki əsl rəqəmləri heç kim bilmir. 

Lakin bu da “aşpazın” böyüyən iştahasını azalda bilmir və meydana artıq hərbi-birləşmə “Vaqner” çıxır. “Vaqner” də böyüyüb Putinin üzünə ağ olur. 

Haradasa 20 gün əvvəl Priqojinin öz ordusunu Moskvaya çevirərək hərbi çevrilişə cəhd etməsi barədə xəbəri, dünya gündəminə bomba kimi düşür. Çoxu bunu “fake news” kimi qəbul etsə də, zaman keçdikcə “vaqnerçilərin” Rusiya ordusuna aid hərbi təyyarənin vurması və digər həmlələri Priqojinin fikrinin ciddi olmasını sübut edir. Və dünya birliyi pop-korn alıb bu hadisəyə tamaşaya yığışır. Hətta ən nüfuzlu ekspertlər belə bunun həqiqətən də çevriliş, yoxsa Putinin növbəti “tamaşası” olması barədə yetkin rəy verə bilmirlər. 

Gah Putin xalqa müraciət edib deyir ki, “vaqnerçilər” Vətən xainidir, gah da deyir ki, “vaqnerçiləri” bağışlayıram. 

Sonra da məlum olur ki, Putin qiyamdan düz 5 gün sonra Priqojin ilə görüşüb. Halbuki, Kremlin sözçüsü Peskov az qala müqəddəs xaça and içirdi ki, “Priqojinin harada olması barədə heç bir məlumat yoxdur”. 

Və bir neçə gün “Liberation” qəzeti qərb kəşfiyyatına istinadən xəbər verir ki, “bəs, kişi olun, yalan deməyin, Putin Priqojin ilə görüşüb”. Bundan sonra Peskov brifinqdə görüşün baş tutması hətta onun 3 saat keçməsi barədə KİV-nə geniş məlumat verir. 

Bəzi ekspertlər düşünürlər ki, günü bu gün belə Putinlə Priqojin arasında danışıqlar gedir. Və hələ də “alver” predmeti müəyyən olunur. 

Digərləri isə deyirlər ki, Priqojinin Putinin üzünə ağ olması FSB cə QRU-nun sütunlarını laxlatdı. Üçüncü tərəf isə düşünür ki, bütün Rusiyanın çarı Putin “qiyamçını” artıq zərərsizləşdirərək həbsxanada saxlayır. 

Digər qrup isə düşünür ki, Priqojinin bu addımı atması birbaşa onun səhhəti ilə bağlı olan məsələdir. Bir müddət abdominal xərçəngdən əziyyət çəkən Priqojinin itirəcəyi heç nəyin olmaması ilə əsaslandırarlar. Məlumata görə xərçəngdən sağalan Priqojin sağlam həyat tərzinə sadiqdir, hətta limonadı belə nadir hallarda içir. 

Bütün hallarda Rusiyada baş verən hadisələr bizim üçün təsirsiz keçmir. Çünki qonşu ölkədə qeyri-stabillik, yanğın yaşanırsa, bunun isti küləyi, tüstüsü digərlərinə də dəyir. 

Amma bu yazının qəhrəmanı mütləq ki, Priqojindir. Xırda cinayətkardan Rusiya prezidentinə qarşı qiyam edən, Rusiyanın yüksək hərbi çinlilərinə, ordusuna qarşı mübarizə aparan, öz “inqilabını” bişirən aşpaz. 

Onun həyat hekayəsinin isə burada bitməyəcəyindən əminəm. Çünki Afrikada hərbi kampaniyalar zamanı qızıl və brilliantlar hesabına daha da zənginləşən, siyasi və hərbi gücünü artıran adamın zəif düşməsi inandırıcı gəlmir. Bu, yalnız bir halda baş verə bilər ki, o da xüsusi xidmət orqanları onu sadəcə məhv etsə. Ruslar demişkən likvidasiya.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir