Romanın İspan pilləkənləri: Xalq qapısından da Vinçi dünyasına açılan giriş – REPORTAJ + FOTO

Cəmiyyət


Roma Avropada həm də ictimai meydanları ilə məşhur bir şəhərdir. Onun ən məşhur meydanlarından biri isə maraqlı tarixi tikililərin yerləşdiyi “Piazza di Spagna”dır (İspan meydanı). Bu meydan adını İspaniyanın Vatikan səfirliyinin yerləşdiyi binadan – “Palazzo di Spagna”dan (İspaniya sarayı) götürüb. Meydana gözəllik qatan sənət nümunələri arasında Müqəddəs Məryəmlə bağlı sütun xüsusi yerə sahibdir. Burada qolları açılmış Məryəmin tunc heykəli təsvir olunur. Heykəlin alt hissəsində isə bir neçə mələk fiquru yerləşdirilib. Bundan başqa, meydanın mərkəzində barokko dövrünün əvvəlinə aid olan məşhur italyan heykəltaraş Lorenso Bernini tərəfindən dizayn edilmiş Köhnə Qayıq fəvvarəsini tapa bilərsiniz. Fəvvarə yarıbatmış qayığı təsvir edir.

İspan meydanı turistik məkan olmaqla yanaşı, həm də Romada məşhur görüş yeridir. Çünki burada çoxlu sayda kafelər, mağazalar və butiklər fəaliyyət göstərir. Həmin məkanlardan ən populyarı isə “Babington’s Tea Room”dur. Bu çay evi ona görə məşhurdur ki, 1893-cü ildən fəaliyyət göstərir. Elə bu fərqli və canlı həyata görə İspan meydanı tarixən bir çox incəsənət nümayəndəsi üçün ilham mənbəyi olub. İspan meydanı Odri Hepbern və Qreqori Pek kimi aktyorların rol aldığı, XX əsrin məşhur filmlərindən olan “Roma tətilləri” (“Roman Holiday”) də daxil olmaqla bir sıra filmlərdə yer alıb. Həmin filmdə Annanın Bredliyə sevgi ilə baxdığı səhnə isə meydanın ən mühüm tikilisi olan İspan pilləkənlərinin qarşısında çəkilib.

O İspan pilləkənləri ki, Romanın əsas simvollarından hesab edilir. 1723-25-ci illər arasında salınmış bu görkəmli abidə 135 pillədən ibarətdir və zirvəsində Dağların Üçlüyü (“Trinita dei Monti”) kilsəsi yerləşir. Bu kilsənin inşasına XVI əsrin əvvəllərində Fransa kralı XII Lüdovikin sifarişi ilə başlanılıb və tikinti prosesi təqribən 80 il çəkib. Hazırda kilsə və onun ətraf ərazisi Fransa dövlətinin mülkiyyətidir. Maraqlı məqam odur ki, elə İspan pilləkənlərinin salınmasında da ispan yox, fransız izi var. Bu görkəmli abidənin inşası fransız diplomat tərəfindən maliyyələşdirilib. “İspan pilləkənləri” şəklində adlandırılma səbəbi isə sadəcə, “Palazzo di Spagna”nın yaxınlığında yerləşməsidir. Bildirim ki, ötən illər ərzində İspan pilləkənləri bir neçə dəfə bərpa edilib, son əsaslı təmir prosesi isə 2015-16-cı illərdə həyata keçirilib ki, bunu lüks moda brendi olan “Bvlgari” maliyyələşdirib. Bundan sonra pilləkənlərin mühafizəsinə diqqət daha da artırılıb. Hətta 2019-cu ildə Roma bələdiyyəsi İspan pilləkənləri ilə bağlı bəzi sərt qaydalar tətbiq edib. Bu qaydalara görə, ziyarətçilər pilləkənlərdə oturmağa görə 250 avro, pilləkənləri çirkləndirməyə və ziyan vurmağa görə isə 400 avroya qədər cərimələnə bilər. Ancaq gəzərkən buna nəzarət edən hər hansısa bir şəxsə rast gəlmədim. İspan meydanındakı gəzintimi isə elə bura ilə yekunlaşdırdım.

Romada İspan meydanı kimi önəmli və tarixi tikililərə ev sahibliyi edən digər bir əhəmiyyətli meydan isə Xalq meydanıdır (“Piazza del Popolo”). Buranın mərkəzində “Obelisco Flaminio” kimi tanınan qədim Misir obeliski dayanır. Bu abidə isə İtaliyanın müxtəlif bölgələrini simvolizə edən dörd aslan heykəli ilə əhatə olunub. Bundan əlavə, Xalq meydanında üç əzəmətli kilsə mövcuddur ki, Romanın məşhur kilsələrindən bəhs edəcək yazımda onların detallı təsvirinə yer veriləcək. Hazırda isə meydanın digər ən yaddaqalan elementlərinə diqqətinizi çəkmək yerinə düşər. Bunlardan biri meydanın şimal ucunda yerləşən və Xalq qapısı (“Porta del Popolo”) kimi də tanınan qədim Roma qapısıdır. Aurelian divarlarının bir parçası olan qapı Qədim Roma dövründə şəhərə əhəmiyyətli bir giriş nöqtəsi kimi xidmət göstərib. Bu qapı ilk dəfə III əsrdə tikilsə də, tarixən müxtəlif dövrlərdə təmir və dəyişikliklərə məruz qalıb və bugünkü görkəmini XVI əsrdə qazanıb. Üzəri maraqlı heykəllərlə bəzədilən Xalq qapısı üç girişdən ibarətdir və mərkəzi giriş ən böyüyüdür. Buranın əsas simvolik əhəmiyyəti tarix boyu imperatorlar və papaların Romaya daxil olmaq üçün bu qapıdan keçməsidir.

Bu tarixi qapıdan bir az qabaqda, sol tərəfdə isə İtaliyanın İntibah dövrünün rəmzi sayılan Leonardo da Vinçiyə həsr olunmuş muzey fəaliyyət göstərir. Leonardo da Vinçi muzeyi bizə onun həyatını, yaradıcılığını və ixtiralarını öyrənməyə imkan verir. Bildiyiniz kimi, da Vinçi incəsənətlə yanaşı, mülki və maşınqayırma, kimya, həndəsə, riyaziyyat, fizika, geologiya kimi sahələrlə də məşğul olub və elə bu səbəbdən muzeydə onun rəsm əsərləri ilə yanaşı, ixtiralarının, mühəndislik layihələrinin ətraflı reproduksiyaları da nümayiş etdirilir. Rəsm əsərləri sırasında “Vitruvius insanı” və “Sonuncu şam yeməyi”nin mahiyyəti xüsusi olaraq videoformat şəklində izah edilir. Bunlarla yanaşı, muzeydə onun Fransanın Luvr muzeyinin bəzəyi olan “Mona Liza” və Polşanın Çartovski muzeyində qorunan “Xanım gəlincik ilə” rəsmlərinə də yer verilib. Da Vinçinin hələ İntibah dövründə ilk layihəsini hazırladığı paraşüt, vertolyot və tank kimi qurğuların eskizləri də ziyarətçilərə təqdim olunur. Burada məlumat lövhələrindən əlavə, Leonardonun incəsənət, elmə və innovasiyaya multidissiplinar yanaşması haqqında ziyarətçiləri tam maarifləndirmək üçün audiobələdçi də təklif olunur. Fikrimcə, Leonardo da Vinçinin insanlığa, dünyaya və elmə olan marağı ilə tanış olmaq üçün Romaya ayaq basan hər kəs bu muzeyə baş çəkməlidir. Bu meydanları tam gəzib bitirdikdən sonra isə dincinizi almaq üçün özünüzü elə ətrafdakı kafelərdən birində məşhur italyan kokteyli – “spritz”lə mükafatlandıra bilərsiniz.

“resmixeber.az” İnformasiya Agentliyi

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir