Azərbaycanda kartof-soğan əkini azalıb – Bazarda qiymət artımı gözlənilirmi? – AÇIQLAMA + FOTO

Cəmiyyət


Bu il Azərbaycanda bir sıra kənd təsərrüfatı məhsullarının əkin sahələrində azalma var. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2023-cü ilin yanvar-may aylarında 341,8 min hektar sahədə və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz az yazlıq bitkilərin səpini aparılıb. Bu zaman ölkə əhalisinin qida rasionunda mühüm yer tutan kartof əkinləri 10,4 faiz və ya 5691 hektar azalmaqla 48 min 990 hektar təşkil edib.

Bu il həmçinin ölkədə 10 990 hektar sahədə soğan əkilib. Son illərdə ölkədə soğan əkini sahələrində azalma olsa da, məhsuldarlığın artması hesabına ümumi istehsalın artması müşahidə edilir. 2019-cu ildə 12 389 hektar sahədən 267 229 ton,  2021-ci ildə 11 647 hektardan 286 375 ton soğan yığılıb. Ötən il isə 10221 hektar sahədən 275 195 ton soğan əldə olunub.

2019-cu ildə 56 921 hektar sahədən bir milyon 4172 ton, 2021-ci ildə 56 104 hektar sahədən bir milyon 61 958 ton kartof əldə edilib. 2022-ci ildə 54,7 min hektar sahədən bir milyon 74,3 min ton kartof yığılıb.

Bəs görəsən, kartof və soğan əkininin azalması bu məhsulların satış qiymətlərinə təsir edəcəkmi?

Mövzu ilə bağlı resmixeber.az-a açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimovun sözlərinə görə, kartof və soğan əkininin 10-12 faiz aşağı düşməsi qiymətlərə təsir etməyəcək:

“Həmin məhsulların Azərbaycanda da əkini həyata keçirilir. Bu məhsul daxili tələbatımızın bir hissəsini ödəyir. Soğanın xüsusən Abşeron yarımadasında əkini həyata keçirilir. Kartof Azərbaycana daha çox Gürcüstan və İrandan daxil olur. Daxili tələbatımızı bu şəkildə ödəyirik. Bu məhsulların əkininin 10-12 faiz aşağı düşməsi qiymətlərə təsir etməyəcək”.

Ekspert qeyd edib ki, qiymətlərin əmələgəlmə prosesi hər hansı məhsulun ərsəyə gətirilməsində sərf olunan xərclərdən asılıdır:

“Məhsulun daxili istehsalında gübrələrin alınması, əkin prosesinin həyata keçirilməsi, daşınması, becərilməsi və yığılmasında çəkilən xərclər qiymətlərə təsir edə bilər. Xaricdən idxal etdiyimiz məhsulun ölkəyə gətirilməsi prosesində, gömrük rəsmiləşdirilməsində, daşınmasında, saxlanılmasında xərc artarsa, qiymət də bahalaşacaq”.

A. İbrahimov məhsulun satış qiymətində tələb və təklifin də əsas rol oynadığını diqqətə çatdırıb: 

“Bazarda məhsulun qıtlığı yaranarsa, qiymət bahalaşacaq. Xərcləri azaltmaq lazımdır. Hansısa məhsulun əkininin azalması halı varsa, o məhsulun ölkəyə idxalını artırmaqla balans yaratmaq mümkündür. Eyni zamanda xərci azaltmaq lazımdır ki, qiymət artmasın. Bunun idxala təsirinə gəlincə, məhsul əvvəlki dövrdən fərqli olaraq, 10-12 faiz artıq idxal olunacaq. Bütün hallarda xərclər tənzimlənməlidir. Misal üçün, Ukrayna Rusiya müharibəsi başlayandan sonra belə problemlər daha çox özünü göstərməyə başlayıb. Xüsusilə qida məhsullarında bu cür problemlər üzə çıxıb. Rusiyada tələbat az olanda, məhsul ucuzlaşdı. Elə ki, tələbat artdı, dərhal bahalaşma baş verdi. Ona görə də balansı saxlamaq əsas məqamdır”.

İqtisadçı Fuad İbrahimov isə qeyd edib ki, əsasən ixraca yönələn məhsullar sahəsində azalma müşahidə olunub:

“Statistika Komitəsinin məlumatlarına əsasən, ötən illə müqayisədə 10,7 faiz az səpin aparılıb. Lakin məhsulun təyinatı göstərilməyib. Ümumi göstərilib. Daha çox ixraca yönələn məhsulların sahəsində azalma baş verib. Daxili bazara daxil olan və ya daxil olacaq məhsulların səpini ilə bağlı ciddi azalma yoxdur. 2019-cu ildə də bu məsələ gündəmə gəlmişdi. Ümumən daxili bazarda səpin azalmır. Ona görə də sadəcə ixracda çəkimiz azalacaq. Hər hansı bir ciddi təhlükə yoxdur”.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir