Zaporojye AES partladılarsa, hansı fəsadları olacaq? – ŞƏRH + FOTO

Cəmiyyət


Rusiya və Ukrayna arasında müharibənin davam etdiyi bir zamanda Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Zaporojye Atom Elektrik Stansiyasını (AES) partladılma təhlükəsi ilə əlaqədar həyacanlı açıqlama verib. Nazir müavini paylaşımında Rusiyanın AES-i partladıb, məsuliyyəti Ukraynanın üzərinə atmaqla hədələdiyini qeyd edib. Anna Malyar onu da bildirib ki, ruslar bu vəziyyətdən hərbi məqsədlər üçün istifadə etməyə çalışırlar.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Zaporojye AES-də vəziyyətin kifayət qədər gərgin olduğunu vurğulayıb. Rusiya rəsmisi söyləyib ki, Kiyev tərəfindən fəlakətli nəticələrə səbəb ola biləcək böyük təxribat təhlükəsi var.

Göründüyü kimi, Zaporojye AES-in ətrafındakı təhlükələr, stansiyanın partladılması məsələsi çox qabardılır və getdikcə risk də artır. Bəs AES həqiqətən partladılarsa, bunun dünya və region üçün fəsadları nələr ola bilər?

Bununla əlaqədar resmixeber.az-a danışan politoloq İlqar Vəlizadə Zaporojye AES-in partladılması ehtimalının doğruluq payına diqqət çəkib. Politoloq qeyd edib ki, belə addım atılsa, çox böyük fəlakət baş verər:

“Bu fəlakət, atom radiasiyası sərhəd tanımır. Rusiya və ya Ukrayna tərəfindən atom elektrik stansiyası partladılsa, onda radiasiya minlərlə kilometri əhatə edə bilər. Zərərli maddələr sulara, xüsusilə də Dnepr çayına düşə bilər və onun vasitəsilə axıntılarla Qara dənizə yayıla bilər. Külli miqdarda insan xəsarət ala, ölə bilər. Radiasiya elə bir şeydir ki, uzun illər həm insanlar, həm təbiət əziyyət çəkir. Bunun fəsadlarını elə asanlıqla aradan qaldırmaq olmaz.

Yadımdadır, Çernobıl Atom Elektrik Stansiyasında partlayış olanda, hələ orada cəmi bir reaktor partlamışdı, Kiev vilayətinin təxminən yarısı müxtəlif yerlərə köçürülmüşdü. Belarusun cənubunda yerləşən şəhərlər demək olar ki, boşalmışdı, onların sakinləri köçürülmüşdü. Onlar sonra tədricən qayıtmağa başladılar və hələ də Çernobıl AES-in yaxınlığındakı ərazilər qapalıdır. Çünki burada radiasiya kifayət qədər çoxdur.

AES-də hər hansı partlayış baş versə, həm ruslar, həm ukraynalılar xəsarət alacaqlar. Ukrayna ərazisində olduğundan onlar üçün bu daha təhlükəlidir. Ona görə, hər iki tərəfdən bu addımın atıla biləcəyi haqqında ehtimallar məntiqə uyğun deyil”.

Politoloq onu da qeyd edib ki, partlayış törədilən ərəfədə güclü külək əssə və yaxud hansısa iqlim dəyişiklikləri olsa, digər ərazilərə də radiasiya yayılacaq:

“Yəni AES-in partlaması həddindən çox təhlükəli bir şeydir, bununla oynamaq olmaz. Yenə də qeyd edirəm, hər iki tərəf ziyan çəkəcək. Belə bir əməl, onun ağır nəticələri kimə lazımdır? Bu heç kəsə fayda gətirməyəcək, heç bir hərbi, strateji əhəmiyyəti yoxdur. Ona görə, Zaporojye AES-in partladılacağı məntiqli iddia deyil”.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə AES-in partladılmasının ekoloji fəsadları haqqında danışaraq qeyd edib ki, bu, bütün Yer kürəsinə ziyan gətirəcək ehtimaldır:

“Atom Elektrik Stansiyasının kiçik bir zərər görməsi belə ciddi fəsadlara səbəb olur. Bu artıq təkcə hansısa dövlətin, onun əhalisinin başına gələcək problem deyil, bütün bəşəriyyətə, insanlığa zərər vuracaq nəticədir. Təkcə bizim regiona gəlib çatmaqla kifayətlənmədən, radiasiya bütün dünyaya müxtəlif yollarla yayıla bilər. Birbaşa təsirləri olmasa belə, iqlim dəyişiklikləri, təbiətin çirklənməsi, su hövzələrinin radiasiyanın təsirlərinə məruz qalması, insanlarla bərabər bitki və heyvanat aləminin də ciddi məhv olmasına gətirib çıxara bilər. Dövlətləri idarə edənlər xalqın, eləcə də bütün dünyanın rifahını düşünməli, insanlıq üçün təhlükəli qərarlar verməməlidirlər.

Son zamanlar iqlim dəyişiklikləri, onun nəticələri, su qıtlığı, qlobal istiləşmə ciddi müzakirə olunur. Yəni təbiətdə baş verən hər hansı fəlakət bütövlükdə planetin bütün hissələrinə, suyun çirklənməsinə, havanın təmizliyinə təsir edir, quraqlığın əmələ gəlməsinə və ya buzlaqların əriməsinə səbəb olur, ərzaq təhlükəsizliyinə birbaşa təhdid yaradır. Radiasiya isə illərlə davam edə biləcək fəsadlar yaradır, əhatə dairəsi geniş olur. Ona görə, heç bir AES-lə zarafat etmək, hansısa dövləti təhdid etmək doğru deyil”.

Aysel Aslan 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir