MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva görkəmli tənqidçi Vaqif Yusifli ilə görüşüb.

Baş səhifə

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Vaqif Yusifli ilə görüşüb, onu 75 illik yubileyi münasibəti ilə təbrik edib.
Vaqif Yusiflinin ədəbiyyatşünaslığımıza uzunmüddətli səmərəli xidmətlərini xatırladan Q.Paşayeva, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyib. Q.Paşayeva V.Yusiflinin yubileyi münasibəti ilə ona xatirə hədiyyəsi və Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib.
Məktubda deyilir:

“Hörmətli Vaqif müəllim,
Sizi – çağdaş ədəbi prosesdə fəal iştirak edən görkəmli Azərbaycan tənqidçisini, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin tanınmış üzvünü 75 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Siz 1968-ci ildən bəri dövri mətbuatda davamlı olaraq çıxış edirsiniz. 1979-cu ilin oktyabr ayında “Müasir Azərbaycan nəsrində konflikt və xarakter” mövzusunda namizədlik dissertasiyası müdafiə etmisiniz. Həmin ilin dekabr ayından “Azərbaycan” jurnalının Tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri kimi fəaliyyətə başlamış, 1997-ci ilin noyabrından həmin jurnalın baş redaktor müavini vəzifəsinə təyin edilmisiniz. 2002-ci ildən Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi olaraq çalışmaqdasınız. 2011-ci ildə “Müasir Azərbaycan poeziyasında ənənə və novatorluq” mövzusunda doktorluq dissertasiyası müdafiə etmisiniz.
Sizin ədəbiyyatın müxtəlif problemlərinə həsr olunmuş yüzlərlə məqaləniz yayınlanmışdır. Bu məqalələr keçən yüzilliyin ikinci yarısından başlayaraq Azərbaycan nəsrinin, poeziyasının, dramaturgiyasının və ədəbi tənqidinin inkişaf prosesini, mənzərəsini dolğun şəkildə əks etdirir. Siz tənqidin müxtəlif janrlarında (problem məqalə, esse, resenziya, ədəbi məktub, icmal və s.) qələminizi sınamısınız.
Məqalələriniz respublikamızın hüdüdlarından qıraqda – Almaniyada, qardaş Türkiyədə, doğma Təbrizdə və b. yerlərdə çap olunmuşdur.
Siz Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinizə görə 2003-cü ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adı, 2018-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunmusuz. Həmçinin Beynəlxalq “Rəsul Rza” mükafatı və “Məmməd Araz” ədəbi mükafatı laureatısınız.
Sizin “Nəsr, konfliktlər, xarakterlər” (1986), “Məmməd Araz dünyası” (1994), “Ürəyimi sərdim Günəşə” (1997), “Tənqid yarpaqları” (1998), “Bu nə sehirdir belə” (1999), “Tənqid və bədii söz” (2002), “Tənqid də yaradıcılıqdır” (2003), “Yolayrıcı” (2004), “Fikrət Qoca-70 il” (2005), “Yaxşı ki, sən varsan” (2007), “Sındır qəfəsi…” (2008), “Rəsul Rza və müasir Azərbaycan poeziyası” (2010), “Şeirimizin Nərimanı” (2011), “Bölgələrdə ədəbi həyat” (2017), “Azərbaycan qəzəli” (2018) və b. kitablarınız gün üzü görüb.
Bir daha Sizi 75 illik yubileyiniz və yaradıcılıq uğurlarınız münasibəti ilə Mədəniyyət Komitəsi adından təbrik edir, ən xoş arzularımı yetirirəm”!

V.Yusifli görüş və xoş sözlər üçün təşəkkür edib.
#MilliMeclis

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir