Bakı.Trend:
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının
“Heydər Əliyev prospekti 121” ünvanı (SOCAR) üzrə ərazi partiya
təşkilatında seçki iclası keçirilib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib, xalqımızın Ümummilli Lideri, müasir müstəqil
Azərbaycanın memarı, YAP-ın qurucusu, ölkəmizin enerji
strategiyasının müəllifi Heydər Əliyevin və Vətən uğrunda həlak
olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr
olunmuş sənədli film nümayiş etdirilib.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının “Heydər Əliyev
prospekti 121” ünvanı (SOCAR) üzrə ərazi partiya təşkilatının
sədri, SOCAR Mərkəzi Arxivinin rəisi Ağaəli Hüseynov hesabat
məruzəsi ilə çıxış edərək ötən dövr ərzində görülmüş işlər, həyata
keçirilən təşəbbüslər və təşkilatın fəaliyyəti barədə ətraflı
məlumat verib.
Daha sonra YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev,
YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar
Qasımov, YAP Təştif Komissiyasının üzv, Milli Məclisin deputatı
Naqif Həmzəyev, eləcə də YAP üzvü, SOCAR Baş ofisinin Həmkarlar
Təşkilatının sədri Nazim Vəliyev çıxış edərək Ulu Öndər Heydər
Əliyevin rəhbərliyi ilə təsis olunan Yeni Azərbaycan Partiyasının
ötən illər ərzində böyük, şərəfli və uğurlu yol keçərək cəmiyyətin
aparıcı qüvvəsi kimi müstəqil ölkəmizin tarixində mühüm rol
oynadığını bildiriblər. Ümumxalq partiyasına çevrilən YAP-ın
Prezident İlham Əliyevin sədrliyi ilə son 20 il ərzində mühüm
nailiyyətlərə imza atdığı, partiyanın fəaliyyətinin müasir
tələblərə uyğunlaşdırılması, institusional potensialının
gücləndirilməsi istiqamətlərində zəruri işlərin həyata keçirildiyi
qeyd olunub.
Sonra YAP Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti
121” ünvanı (SOCAR) üzrə ərazi partiya təşkilatının yeni sədrinin
və sədr müavininin namizədlikləri irəli sürülüb, səsvermə
keçirilib.
Səsvermənin nəticələrinə əsasən, SOCAR Aparatının rəhbəri Hafiz
Zeynalov SOCAR üzrə ərazi partiya təşkilatının yeni sədri, şirkətin
vitse-prezidentinin müavini Racu Vəliyev isə sədr müavini
seçilib.
Göstərilən etimada görə təşəkkürünü bildirən Hafiz Zeynalov
xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ən çətin və
məsuliyyətli dövründə böyük uzaqgörənliklə müstəqil Azərbaycanın
möhkəm təməlinin qoyulmasını və milli inkişaf strategiyasının
formalaşdırılmasını təmin etdiyini vurğulayıb. Bu xüsusda, YAP-ın
ölkəmizin davamlı və dayanıqlı inkişafındakı mühüm rolundan bəhs
edən Hafiz Zeynalov Prezident İlham Əliyevin sədrliyi ilə
partiyanın Azərbaycan vətəndaşlarının ümumi siyasi ideya və məqsəd
ətrafında birləşməsinə nail olduğunu bildirib.
Daha sonra partiya sıralarına yeni qəbul olunmuş üzvlərə
vəsiqələr təqdim edilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, sonra
iclas iştirakçıları Azərbaycan Nefti sərgisi ilə tanış olublar.

