“ABB Bank” türk dövlətləri arasında transsərhəd QR-ödənişlərin tətbiqini sürətləndirmək niyyətindədir

Baş səhifə

Bakı.Trend:

ABB Bank yaxın perspektivdə QR-kodlardan istifadə etməklə
transsərhəd ödənişlərin inkişafı məqsədilə türk dövlətlərinin
fintex şirkətləri və təşkilatları ilə əməkdaşlıq qurmağı
planlaşdırır.

Trend-in
müxbirinin verdiyi məlumata görə, bunu “ABB Bank”ın baş direktoru
Mehmet Ali Savaş Bakıda Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN)
təşkilatçılığı ilə keçirilən, türk dövlətlərinin nümayəndələrinin
iştirak etdiyi fintex missiyası çərçivəsində bildirib.

Onun sözlərinə görə, ABB Bank ABB Mobile mobil tətbiqinin
istifadəçilərinin sayını təxminən 30-40 min nəfərdən 3 milyondan
çoxa çatdırıb.

“Əvvəlcə tətbiq yalnız əsas xidmətləri təqdim edirdi. Lakin bu
gün onun vasitəsilə investisiya xidmətlərindən istifadə etmək,
aviabiletlər və tədbirlərə biletlər almaq, eləcə də beynəlxalq pul
köçürmələri həyata keçirmək mümkündür.

Təbii ki, biz bütün bunlara təkbaşına nail olmamışıq. Bu
xidmətlərin hər birinin arxasında fintex şirkəti və ya texnologiya
təşkilatı dayanır. Məsələn, aviabiletlərin satışı zamanı bir
texnologiya şirkəti ilə əməkdaşlıq edirik, İstanbula, Türkiyənin
digər şəhərlərinə və Avropaya pul köçürmələri üçün isə UPT və ya
Mastercard xidmətlərindən istifadə edirik”, — deyə o bildirib.

Savaş banklarla fintex şirkətləri arasında sıx əməkdaşlığın
vacibliyini vurğulayıb.




Onun sözlərinə görə, yaxın gələcəkdə türk dövlətləri arasında
ödənişləri vahid standartlar əsasında QR-kodlar vasitəsilə həyata
keçirmək mümkün olacaq.

“Bu vəzifənin yerinə yetirilməsi üçün nələrin lazım olduğuna
nəzər salsaq, artıq bütün zəruri imkanlara malik olduğumuzu
görərik. Səmərəli işləyən “AsGar” sistemimiz var. ABB Mobile və
digər bankların mobil tətbiqlərində müvafiq ödəniş
infrastrukturundan heç bir çətinlik çəkmədən istifadə edə bilərik.
Türkiyədə Troy sistemi, həmçinin mərkəzi banklarımız var. Türkiyədə
deyildiyi kimi, bütün inqrediyentləri bir araya gətirib halva
hazırlamaq qalır. Bizdə hər şey var, mövcud imkanları birləşdirmək
lazımdır”, — deyə o qeyd edib.

Savaş bu təşəbbüsün qısa müddətdə həyata keçiriləcəyinə ümidvar
olduğunu bildirib və ABB Bank-ın bu sahədə fintex şirkətləri və
təşkilatları ilə operativ şəkildə əməkdaşlıq qurmağa hazır olduğunu
vurğulayıb.

Onun sözlərinə görə, bu, transsərhəd ödənişləri həm müştərilər,
həm də bütövlükdə ölkə üçün daha sərfəli etməyə imkan verəcək.

Qeyd edək ki, hazırda Bakıda Türk Dövlətləri Fintex Alyansının
(TÜRKFİN) təşkilatçılığı ilə “Bakı Fintex Sektorunun Ticarət
Missiyası” proqramı keçirilir. Tədbirdə Azərbaycan, Türkiyə və
Qazaxıstanın maliyyə və fintex sektorlarının nümayəndələri iştirak
edirlər.

Proqram çərçivəsində türk dövlətlərində rəqəmsal ödənişlərin
inkişaf perspektivləri, maliyyə texnologiyalarının tənzimlənməsinə
dair yanaşmaların uzlaşdırılması və ödəniş sistemlərində yeni
texnoloji tendensiyalar müzakirə olunur.