Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun bəyanatı

Baş səhifə

Bakı. Trend:

Son dövrlərdə Türkiyənin bəzi media orqanlarında və sosial media
platformalarında Azərbaycana qarşı qərəzli informasiya
kampaniyasının aparılması, eləcə də hakim Ədalət və İnkişaf
Partiyasının (AKP) bəzi millət vəkilləri, Türkiyə Respublikası
Prezidentinin baş müşaviri Oktay Saral tərəfindən ölkəmizlə bağlı
əsassız ittihamların səsləndirilməsi Azərbaycan–Türkiyə
parlamentlərarası əlaqələr üzrə işçi qrupunda ciddi narahatlıq və
təəssüf doğurur.

Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji
müttəfiqlik münasibətləri mövcuddur. Azərbaycan müstəqil və suveren
dövlətdir, daxili və xarici siyasətini öz milli maraqlarına və
Konstitusiyasına uyğun müəyyən edir. Ulu öndər Heydər Əliyevin
müəyyən etdiyi “Bir millət, iki dövlət” prinsipi məhz iki müstəqil
və suveren dövlətin mövcudluğunu nəzərdə tutur. Bu prinsipin
mahiyyətinin təhrif edilməsi, ondan Azərbaycanın daxili işlərinə
müdaxilə etmək, kənar siyasi və ideoloji yanaşmaları Azərbaycan
cəmiyyətinə diktə etmək üçün əsas kimi istifadə olunması
qəbuledilməzdir.

Azərbaycanın dünyəvi dövlət quruluşu və dini etiqad azadlığı
Konstitusiya ilə təmin olunur. Ölkəmizdə təhsil siyasəti
dünyəvilik, bərabərlik və bütün vətəndaşlar üçün bərabər imkanların
yaradılması prinsiplərinə əsaslanır. Təhsil müəssisələrində tətbiq
olunan qaydalar bütün vətəndaşlara eyni şəkildə şamil edilir və hər
hansı dini mənsubiyyətə qarşı yönəlməyib. Bu məsələlərin dini və
ideoloji müstəvidə siyasiləşdirilməsi, Azərbaycanın konstitusion
quruluşuna və təhsil siyasətinə qarşı əsassız ittihamların irəli
sürülməsi yolverilməzdir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan
cənab İlham Əliyevə, xalqımıza, onun tarixinə və böyük
şəxsiyyətlərinə qarşı təhqir və böhtan xarakterli ifadələrin
işlədilməsi də qəbuledilməzdir və Azərbaycan ictimaiyyətində haqlı
narazılıq doğurur. Təəssüflə qeyd etmək istəyirik ki, AKP iqtidarı
bütün bunların qarşısının alınması istiqamətində heç bir addım
atmır. Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri
qarşısında təxribatçı aksiyaların keçirilməsinə və bununla bağlı
çağırışlara dözümlü münasibətin göstərilməsi də bir sıra suallar
doğurur.

Hesab edirik ki, Azərbaycan–Türkiyə münasibətlərinin xüsusi
xarakteri siyasi məsuliyyət, qarşılıqlı hörmət və bir-birinin
daxili işlərinə müdaxilə etməmək prinsiplərinə riayət olunmasını
tələb edir. Ayrı-ayrı siyasi xadimlərin açıqlamaları iki ölkə
arasında münasibətlərə xələl gətirməməlidir.

Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu
olaraq gözləntimiz budur ki, Türkiyənin müvafiq siyasi dairələri, o
cümlədən parlamentdə təmsil olunan hakim siyasi partiya
təmsilçiləri, bu həssas məsələlərə məsuliyyətlə yanaşacaq,
Azərbaycanın suverenliyinə və konstitusion quruluşuna hörmət
nümayiş etdirəcək, münasibətlərimizə mənfi təsir göstərə biləcək
açıqlamalardan çəkinəcəklər.