
Bakı.Trend:
Bakının Binəqədi rayonunun Xocəsən qəsəbəsində Aprel Zəfəri
küçəsinin su təchizatını təmin edən xəttdə baş vermiş qəza aradan
qaldırılıb.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA)
məlumat verilib.
Bildirilib ki, Kür-1 və Kür-2 magistral su xətlərini
əlaqələndirən, diametri 200 mm olan su xəttində baş vermiş qəza
nəticəsində xəttin üzərində yerləşən siyirtmədə texniki nasazlıq
yaranıb.
Qəzanın aradan qaldırılması üçün Binəqədi Rayon Sukanal
İdarəsinin qəza-bərpa briqadası əraziyə cəlb olunub. Qəzalı su
xətti və onun üzərində yerləşən siyirtmə üzrə zəruri təmir-bərpa
işləri həyata keçirilib.
ADSEA-nın məlumatına görə, təmir-bərpa işləri tam
yekunlaşdırılıb və xətt üzrə suyun verilişi bərpa olunub.
Qısa müddət ərzində suyun bütün ünvanlara normal və dayanıqlı
rejimdə çatdırılmasının təmin ediləcəyi bildirilib.

