Ukraynalı uşaqların Azərbaycanın bölgələrinə ekskursiyası təşkil edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)
tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən Ukraynadan
Azərbaycana gətirilən 30 uşaqla bağlı reabilitasiya tədbirləri
davam etdirilir.

Bu barədə ƏƏSMN məlumat yayıb.

Reabilitasiya proqramı çərçivəsində uşaqlar üçün Qəbələ və
Şəkiyə tur təşkil edilib. Ekskursiya zamanı uşaqlar Qəbələdə
Tufandağ İstirahət Kompleksini və Qəbələ Arxeoloji Mərkəzini,
Şəkidə Xan Sarayını və Karvansaray kompleksini ziyarət ediblər.

Onlara Azərbaycanın zəngin mədəni-tarixi irsi və təbiəti ilə
yaxından tanış olmaq imkanı yaradılıb.




Eləcə də uşaqlar bir sıra qrup terapiyaları, meditasiya və yoqa
məşğələləri, eyni zamanda psixososial təlimlərə cəlb olunurlar.

“10 günlük sosial reabilitasiya proqramı uşaqların emosional
vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə
inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır”, –
məlumatda bildirilib.

Qeyd edək ki, Ukraynadan Azərbaycana gətirilən daha 30 uşaq
reabilitasiya xidmətləri ilə əhatə olunub. İlk mərhələdə Dövlət
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq
Reabilitasiya Mərkəzində müayinədən keçirilib və hər biri üçün
fərdi reabilitasiya proqramı tərtib edilib.