
Bakı. Trend:
Rabitəbank filial şəbəkəsini genişləndirərək müştərilərinə daha
yaxın olmaq və bank xidmətlərinə əlçatanlığı artırmaq istiqamətində
növbəti addım atıb. Bankın sayca 32-ci filialı Bakı şəhəri, Sabunçu
rayonunda yerləşən “Bakıxanov Mall” ticarət mərkəzində fəaliyyətə
başlayıb.
Yeni filialın açılışı Rabitəbankın müştəriyönümlü inkişaf
strategiyasının, xidmət keyfiyyətinin yüksəldilməsi və bankçılığın
gündəlik həyata daha rahat inteqrasiyası istiqamətində həyata
keçirdiyi təşəbbüslərin davamıdır. Paytaxtın aktiv yaşayış və
ticarət məkanlarından birində yerləşən filial fərdi müştərilərlə
yanaşı, sahibkarlar üçün də geniş maliyyə imkanlarını vahid məkanda
birləşdirir.
Müasir bankçılıq konsepsiyasına uyğun qurulan filialda istehlak
və biznes kreditləri, əmanətlər, ödəniş kartları, pul köçürmələri,
kassa-hesablaşma və valyuta əməliyyatları da daxil olmaqla geniş
çeşiddə bank xidmətləri təqdim olunur. Rəqəmsal həllərlə
inteqrasiya olunmuş xidmət infrastrukturu, funksional dizayn və
rahat xidmət zonaları müştərilərin maliyyə əməliyyatlarını daha
sürətli və səmərəli şəkildə həyata keçirməsinə şərait yaradır.
Yeni filialın rəsmi açılış mərasimində Rabitəbankın rəhbər
heyəti, yerli sahibkarlar və bank rəsmiləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən Rabitəbankın İdarə
Heyətinin sədri Aydın Hüseynov bankın inkişaf strategiyasında
müştəri məmnuniyyətinin, xidmətlərin əlçatanlığının və rəqəmsal
transformasiyanın mühüm yer tutduğunu
vurğulayıb:“Rabitəbank olaraq inkişaf strategiyamızda
müştərilərimizin dəyişən ehtiyaclarını və gözləntilərini əsas
götürürük. “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business”
tətbiqləri, eləcə də İnternet Bankçılıq platformamız vasitəsilə
rəqəmsal xidmətlərimizi inkişaf etdirərkən, müştərilərimizə daha
yaxın olmaq üçün filial şəbəkəmizi də genişləndiririk.
Ötən ilin bu dövründə Xankəndi filialımızın açılışını həyata
keçirdik. Qarabağda fəaliyyətə başlamaq Rabitəbank olaraq bizim
üçün xüsusi qürur və mənəvi dəyər daşıyırdı. Bu gün isə Dövlət
Suverenliyi Günü ərəfəsində Bakıxanov filialımızın açılışını həyata
keçirməkdən böyük məmnunluq duyuruq. İnanırıq ki, yeni filialımız
müştərilərimiz və sahibkarlarımız üçün yeni imkanlar yaradacaq,
tərəfdaşlarımız və səhmdarlarımız üçün əlavə dəyər formalaşdıracaq,
ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək. Məqsədimiz rəqəmsal
bankçılığın sürətini peşəkar xidmət və fərdi yanaşma ilə
birləşdirərək bankçılığı müştərilərimizin gündəlik həyatının daha
rahat və əlçatan hissəsinə çevirməkdir”.
Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsi 132, “Bakıxanov
Mall” ticarət mərkəzində yeni filialının fəaliyyətə başlaması ilə
Rabitəbank paytaxtın daha bir ərazisində müştərilərinə geniş xidmət
imkanları təqdim edir. Yeni filial ərazidə yaşayan sakinlərin
gündəlik maliyyə əməliyyatlarını asanlaşdırmaqla yanaşı, yerli
sahibkarların bank xidmətlərinə çıxışının genişləndirilməsinə də
xidmət edəcək.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən
etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası
əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim
edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə
geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar
komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər
təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan
Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və
iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə
ümumilikdə 32 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita
Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq
platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən
müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri
təqdim edir.

