Qida obyektlərində dezinfeksiya tezliyinin müəyyənləşdirilməsi sahibkarların vəzifəsidir – AQTA

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)
Kollegiyasının 3 noyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq
edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”a
əsasən, qida zəncirinin bütün mərhələlərində – ilkin istehsal,
tədarük, emal, qablaşdırma, saxlanma, daşınma, dövriyyə (o cümlədən
idxal və ixrac), ictimai iaşə və xidmət sahələrində gigiyenik
tələblərə ciddi riayət olunmalıdır.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən
Trend-ə verilən
məlumata görə, həmçinin sahibkarlar tərəfindən qida obyektlərində
müvafiq dezinfeksiya proqramları hazırlanmalı, bu proqramlarda
dezinfeksiya tədbirlərinin tezliyi, üsulları və tətbiq olunan
vasitələr dəqiq şəkildə müəyyən edilməlidir.




Müasir qida təhlükəsizliyi tələbləri və bundan irəli gələn
mövcud normativ-hüquqi bazaya əsasən dezinfeksiya tədbirlərinin
həyata keçirilmə tezliyi riskəsaslı yanaşma ilə qida obyektinin
fəaliyyət sahəsi və növü, istehsal gücü, texnoloji proseslərin
xüsusiyyətləri və dairəsi, sanitar vəziyyəti, yerləşməsi,
layihələndirilməsi, işçilərin sayı və s. kimi amillər nəzərə
alınmaqla, hər bir obyektə münasibətdə sahibkarlar tərəfindən
müəyyənləşdirilərək icra olunmalıdır.

Dezinfeksiya tədbirləri ilə bağlı daxili nəzarət sistemlərinə
uyğun olaraq müvafiq təsdiqedici sənədlər tərtib olunmalı və
saxlanması təmin edilməlidir.