Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib

Baş səhifə

Bakı. Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyan Cənubi
Qafqazda sülhün bərqərar olmasına verdiyi töhfəyə görə Azərbaycan
Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Erməni KİV-in yaydığı məlumata görə, Paşinyan bu
barədə Hessen Sülh Mükafatını aldığı mərasimdə bildirib.

“Mən həmçinin bu mükafata eyni dərəcədə layiq olan
Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirmək
istəyirəm”, – deyə Paşinyan bildirib.

O, həmçinin Ermənistan və Azərbaycan xalqlarına sülh
prosesinə dəstəyə görə təşəkkür edib və qeyd edib ki, münaqişənin
nəticələrinə baxmayaraq, onlar bu günü və gələcəyi dəyişdirməyin
zəruriliyini anlayırlar.

Paşinyanın sözlərinə görə, sülhün bərqərar olmasının
əsası onun və Prezident İlham Əliyevin 8 avqust 2025-ci ildə
Vaşinqton sammitində qəbul etdiyi və ABŞ Prezidenti Donald Trampın
iştirakı ilə imzalanmış birgə bəyannamə olub.

Ermənistanın Baş naziri həmçinin xatırladıb ki,
2024-cü ildə ölkələr dövlət sərhədinin delimitasiyası və
demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında
əsasnaməni imzalayıb və ratifikasiya ediblər. Sənəddə 1991-ci il
Alma-Ata Bəyannaməsi prosesin əsas prinsipi kimi təsbit olunub.

“Bu o deməkdir ki, Ermənistan və Azərbaycan iki sovet
respublikasının ərazilərinə uyğun olaraq bir-birinin ərazi
bütövlüyünü və suverenliyini tanıyır”, – deyə Paşinyan
bildirib.

O əlavə edib ki, bu prinsip Ermənistan və Azərbaycan
arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında
sazişdə də təsbit olunub. İki ölkənin xarici işlər nazirləri
Vaşinqton sammiti zamanı sazişi paraflayıblar.

Paşinyan sazişin paraflanmasını və birgə bəyannamənin
qəbul edilməsini Ermənistan və Azərbaycan münasibətlərində tarixi
irəliləyiş adlandırıb.