Moskva yüzlərlə dronun hücumuna məruz qalıb: iki nəfər ölüb, neft emalı zavodu zərər görüb

Baş səhifə

Bakı. Trend:

Rusiyada Moskva və Moskva vilayəti yüzlərlə dronun hücumuna
məruz qalıb. Hücumlar nəticəsində azı iki nəfər ölüb, mühüm neft
emalı zavoduna ziyan dəyib. Hadisə Rusiyada parlament seçkilərinin
son günündə baş verib.

Bu barədə Rusiya rəsmiləri məlumat veriblər.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov 249 dronun
vurulduğunu və bir neçə yaşayış məntəqəsində dağıntıların qeydə
alındığını bildirib. “Hücum davam edir”, – deyə o, Bakı vaxtı ilə
səhər saatlarında Teleqram-da yazıb.

Rəsmi məlumata görə, iki ayrı ərazidə 44 yaşlı qadın və yaşlı
kişi olmaqla, ümumilikdə iki nəfər ölüb. Üçüncü yaşayış
məntəqəsində isə dronun yaşayış binasına düşməsi nəticəsində baş
verən yanğın səbəbindən 400 nəfər təxliyə edilib.

Moskva meri Sergey Sobyanin gecə ərzində Teleqram-da paylaşdığı
bir sıra məlumatlarda Rusiyanın hava hücumundan müdafiə sistemləri
tərəfindən azı 186 pilotsuz uçuş aparatının vurulduğunu bildirib.
O, dronların mənşəyini açıqlamayıb.




“‘Moskva Neft Emalı Zavodu’nun ərazisindəki bir obyektə ziyan
dəyib”, – deyə Sobyanin bildirib. Onun sözlərinə görə, ilkin
məlumata əsasən, zavodda zərərçəkən olmayıb və hadisə yerində
xilasetmə xidmətləri işləyir.

Yeni hücumlar Rusiyada parlament seçkilərinin üçüncü və son
günündə baş verib. Seçkilərin prezident Vladimir Putinin
partiyasının qələbəsi ilə başa çatacağı gözlənilir.

Hücumlar ABŞ Prezidenti Donald Trampın bazar ertəsi Ukrayna və
Rusiyanın bir-birinin enerji infrastrukturuna zərbə endirməmək
barədə razılığa gəldiyini bildirməsindən sonra baş verib.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya da eyni addımı
atacağı təqdirdə Ukraynanın “gərginliyin azaldılması tədbirləri”
görməyə hazır olduğunu bildirib. Kreml isə bu təklifi “yaxşı fikir”
adlandırıb.

Zelenskinin gələn həftə Nyu-Yorkda Trampla görüşməsi
planlaşdırılır. O, Rusiyada parlament seçkilərindən sonra birbaşa
danışıqların bərpa olunacağına ümid etdiyini bildirib.