Mərkəzi Baltik ölkələri ilə Azərbaycanın əməkdaşlığı yeni səviyyəyə yüksəlib – Səfir

Baş səhifə

Bakı. Trend:

Mərkəzi Baltik ölkələri ilə Azərbaycan arasında əməkdaşlıq yeni
mərhələyə qədəm qoyur və biznes, texnologiyalar və yaşıl enerji
sahəsində tərəfdaşlığın uğurlu nümunəsinə çevrilir.

Trend xəbər verir
ki, bunu Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya Bakıda
keçirilən Mərkəzi Baltik-Azərbaycan biznes forumunda çıxışında
deyib.

Səfir tədbirin təşkilatçılarına və iştirakçılarına
minnətdarlığını ifadə edərək qeyd edib ki, bu forum iki il əvvəl
başlanmış uğurlu əməkdaşlığın məntiqi davamıdır.

“Məhz iki il əvvəl, oktyabr ayında Estoniya, Finlandiya və
Latviyadan olan şirkət nümayəndələri ilk dəfə Azərbaycana səfər
etmişdilər. Həmin vaxt forumlar, müzakirələr və B2B görüşlər
keçirilmişdi. Biz həmin vaxtdan əməkdaşlığın möhkəmləndirilməsinə
və təcrübə mübadiləsinə yönəlmiş bir çox tədbirlər həyata
keçirmişik. Bütün bunları bir sözlə ifadə etmək olar – uğur”,- deyə
diplomat vurğulayıb.




Edqars Skuya bildirib ki, layihə dörd ölkənin sahibkarları
arasında möhkəm əlaqələrin qurulmasına, bilik və təcrübə
mübadiləsinə, bazar imkanlarının öyrənilməsinə töhfə verib,
həmçinin ticarət-iqtisadi əməkdaşlıq üçün yeni perspektivlər
açıb.

Səfir qeyd edib ki, bu fəal işin nəticəsi kimi əməkdaşlıq
haqqında memorandum imzalanıb. O, həmçinin layihəyə verdiyi dəstəyə
görə Avropa İttifaqına və “Interreg” proqramına, eləcə də forumun
təşkilatçılarına təşəkkürünü bildirib.

Sonda diplomat dörd ölkənin nümayəndə heyətlərinə təşəkkür edib
və xüsusilə “Caspian Energy Club” ilə tərəfdaşlığı qeyd edərək, onu
“ən yaxşı tərəfdaş” adlandırıb.