
Bakı. Trend:
Hal-hazırda ölkədə vençur investisiya fondlarının yaradılması
məsələsi beynəlxalq tendensiyalara və ekosistemin ehtiyaclarına
uyğun şəkildə ardıcıl təhlil olunur.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf
Agentliyindən (İRİA) bildirilib.
Qeyd edilib ki, yaxın dövrdə bu sahədə beynəlxalq əməkdaşlığın
və yeni investisiya fondlarının aktiv şəkildə inkişafı
gözlənilir:
“Startaplar üçün infrastruktur, maliyyələşmə yolları və bazara
çıxış imkanlarının artırılması əsas prioritetlərdir. Eyni zamanda
bu ilin sentyabr ayında “INMerge” İnnovasiya Sammitində “White Hill
Capital” fondu ilə birlikdə ölkəmizdə “Tumar Ventures” adlı yeni
vençur maliyyələşmə mexanizminin yaradıldığını elan edildi və təsis
sazişi imzalandı. “Tumar Ventures “un nizamnamə kapitalı 1 milyon
ABŞ dolları təşkil edir və ilkin olaraq İRİA tərəfindən
maliyyələşdiriləcək. İlkin mərhələdə 1 milyon ABŞ dolları vəsait
qoyuluşu nəzərdə tutulur və bu istiqamətdə müvafiq danışıqlar
aparılır”.
Eyni zamanda indiyədək agentliyin dəstəyi ilə fəaliyyət göstərən
vençur fondları tərəfindən layihə və startaplara investisiya
yatırımlarından da bəhs edilib. Bildirilib ki, İnnovasiya və
Rəqəmsal İnkişaf Agentliyi qabaqcıl dünya təcrübəsini və
Azərbaycandakı ekosistemin ehtiyaclarını təhlil edərək fəaliyyətini
beş sütun üzərində formalaşdırıb:
“Startaplar üçün infrastruktur, maliyyələşmə və bazar
əlçatanlığına dəstək göstərilməsi, eyni zamanda, ekosistem
daxilində insan kapitalı və innovasiya mədəniyyətinin inkişaf
etdirilməsini qeyd edə bilərik. Beləliklə, bizim ekosistem
quruculuğuna baxışımız bu beş fundamental prinsipi ehtiva edir.
Startapların maliyyələşmə resurslarına çıxışı istiqamətində isə
2022-ci ildə Agentliyimizin dəstəyi ilə yaradılmış “Caucasus
Ventures” fondu bugünədək 30-a yaxın startapa dəstək göstərib”.
Bundan başqa, xarici vençur kapital fondlarının Azərbaycana
marağını artırmaq üçün hansı təşviq mexanizmləri və hüquqi
islahatlar üzərində görülən işlər də açıqlanıb. Vurğulanıb ki,
xarici vençur kapital fondlarının Azərbaycana marağını artırmaq
üçün əsas iki istiqamətdə fəaliyyət göstərilir: “Birincisi,
qanunvericiliyin təkmilləşdirilməsi və vençur maliyyələşməsi üçün
lazımi hüquqi bazanın formalaşdırılmasıdır. Burada biz aidiyyəti
dövlət qurumları ilə birgə qanunvericilik üzərində iş aparırıq.
Agentlik bu sahədə son üç il ərzində işləyir və müvafiq
qanunvericilik aktlarının yenilənməsi, investorlar üçün şəffaf və
əlverişli mühitin yaradılmasına fokuslanıb.
İkincisi, beynəlxalq konfranslar və tədbirlər təşkil edilir və
qlobal əlaqələr qurulur. Bu istiqamətdə də agentlik aktiv işləyir,
dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə beynəlxalq
səviyyəli innovasiya sammitləri və tədbirlər keçirilir. Məsələn,
Azərbaycanda təşkil olunan “INMerge Innovation Summit” və digər
tədbirlər uğurlu nümunə sayıla bilər”.
“Ayrıca, qarşılıqlı investisiya təşviqi modeli çərçivəsində,
hazırda agentliyin iştirakı ilə kapital yerləşdirmə mexanizmi
işlədilir. Bunun bariz nümunəsi kimi Qazaxıstan əsaslı “WhiteHill
Capital” vençur fondunun Azərbaycanda fəaliyyət göstərən “Tumar
Ventures” MMC ilə birlikdə hər Azərbaycan mənşəli innovativ
layihələrə investisiya etdiyi 1 dollara qarşılığında Qazaxıstan
fondu tərəfindən 2 dollar investisiya edilməsi misal göstərilə
bilər.
Agentlik bu sahədə fəaliyyətlərini növbəti illərdə də davam
etdirməyi planlaşdırır və xarici investorlar üçün daha açıq və
effektiv mexanizmlər üzərində işləyir”, – deyə məlumatda qeyd
edilib.

