İnvestorlar üçün əlavə təşviq paketlərinin hazırlanması müzakirə edilir – Riad Qasımov

Baş səhifə

Bakı. Trend:

Əgər iqtisadiyyatda multiplikativ effekt yaratmaq istəyiriksə,
tikinti sektorunu stimullaşdırmalıyıq.

Trend-in
tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Azərbaycan
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhəri üzrə
Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov Bakıda
İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində
keçirilən “Azərbaycan investisiya perspektivləri forumu 2026”
tədbirində deyib.

Riad Qasımov bildirib ki, iqtisadiyyat bütün biznes sahələrinin
təməlidir və daşınmaz əmlak sektoru iqtisadiyyatın əsas
hərəkətverici qüvvələrindən biri hesab olunur. Onun sözlərinə görə,
dövlət, biznes və investor tərəfdaşlığında makroiqtisadi sabitlik
və davamlı artım əsas şərtdir.

“Azərbaycanda dövlət tərəfindən son illərdə həyata keçirilən
islahatlar, infrastruktur layihələrinə yatırılan investisiyalar,
vergi və gömrük sahəsində şəffaflığın artırılması, həmçinin xarici
investorlar üçün yaradılan hüquqi təminatlar mühüm əhəmiyyət
daşıyır. Lakin iqtisadi artımın davamlı olması üçün təkcə dövlət
investisiyaları kifayət deyil, özəl sektorun və investorların aktiv
iştirakı vacibdir”, – deyə o qeyd edib.

R.Qasımov vurğulayıb ki, daşınmaz əmlak sektorunun inkişafı
birbaşa maliyyə əlçatanlığından asılıdır.




“Bank sektorunun tikinti sahəsinə dəstəyi, ipoteka kreditlərinin
şərtləri və layihə maliyyələşdirilməsi mexanizmləri daha da
təkmilləşdirilməlidir. Əgər iqtisadiyyatda multiplikativ effekt
yaratmaq istəyiriksə, tikinti sektorunu stimullaşdırmalıyıq. Çünki
tikinti sektorunun inkişafı ilə paralel olaraq istehsalat,
logistika, xidmət və digər onlarla əlaqəli sahə də canlanır”, –
deyə o bildirib.

Onun sözlərinə görə, tikinti sektorunun genişlənməsi yeni iş
yerlərinin yaradılması və vergi daxilolmalarının artması baxımından
da mühüm rol oynayır.

Riad Qasımov əlavə edib ki, regionlarda iqtisadi potensialın
artırılması və turizm-kommersiya təyinatlı layihələrin
genişləndirilməsi də prioritet istiqamətlərdən biridir:

“Bakı ilə yanaşı, regionların inkişafı da diqqət mərkəzində
olmalıdır. Regional daşınmaz əmlak layihələrinin dəstəklənməsi
ÜDM-in şaxələndirilməsinə xidmət edir. Dövlət-özəl tərəfdaşlığı
modelləri isə investisiya risklərinin bölüşdürülməsinə və
layihələrin daha effektiv idarə olunmasına imkan yaradır”.

O bildirib ki, hökumətlə aparılan müzakirələrdə dövlət-özəl
sektor tərəfdaşlığı mexanizmlərinin hüquqi bazasının
gücləndirilməsi və investorlar üçün əlavə təşviq paketlərinin
hazırlanması əsas mövzulardan biridir.