
Bakı. Trend:
Xorvatiya hakimiyyəti ölkədə 17 illik aradan sonra həqiqi
(məcburi) hərbi xidməti bərpa edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, ilk çağırış çərçivəsində 800 gənc orduya cəlb
olunacaq. Onların təxminən yarısı hərbi xidmətə könüllü şəkildə
qoşulub, çağırışçıların 10 faizini isə qadınlar təşkil edir.
Gələcəkdə Xorvatiya hakimiyyəti hər il 4000 gənci ordu
sıralarına cəlb etməyi və onların hərbi hazırlığını təmin etməyi
planlaşdırır.
Rəsmi Zaqreb məcburi çağırışın bərpasını Rusiya-Ukrayna
münaqişəsi, eləcə də Avropada təhlükəsizliklə bağlı mövcud
vəziyyətlə izah edib.
2025-ci ilin noyabrında Fransa prezidenti Emmanuel Makron ölkədə
2026-cı ilin yayından etibarən könüllü hərbi xidmətin tətbiq
ediləcəyini elan etmişdi.

