
Bakı. Trend:
Beynəlxalq axtarışda olan daha bir nəfər Ukraynadan Azərbaycana
ekstradisiya olunur.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Baş Prokurorluğu
tərəfindən Ukraynanın səlahiyyətli orqanlarına ünvanlanmış
ekstradisiya sorğusu və beynəlxalq müqavilələrin tələblərinə uyğun
təqdim edilmiş sənədlər əsasında İsmayılov Əlağa Məzahir oğlunun
Azərbaycan Respublikasına ekstradisiyası barədə qərar qəbul
edilib.
Bununla da son bir il ərzində Ukrayna ərazisində müəyyən
edilərək Azərbaycan Respublikasına təhvil verilməsi ilə bağlı qəbul
olunmuş ekstradisiya qərarlarının sayı 7-yə çatıb.
Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində
ibtidai istintaqı aparılan cinayət işi üzrə toplanmış sübutlar
əsasında Əlağa İsmayılovun Azərbaycan Respublikasının cinayət
qanunu ilə nəzərdə tutulmuş dələduzluq əməlini törətməsinə əsaslı
şübhələr müəyyən edildiyindən təqsirləndirilən şəxs qismində cəlb
olunub.
İstintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri
seçilərək İnterpolun Milli Mərkəzi Bürosunun vasitəçiliyi ilə
beynəlxalq axtarış elan edilib.
Həyata keçirilmiş beynəlxalq əməliyyat-axtarış tədbirləri
nəticəsində onun Ukrayna ərazisində olduğu müəyyən edilərək
saxlanılması təmin olunub.
Hazırda şəxsin Azərbaycan Respublikasına gətirilməsi məqsədilə
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq
prosedurlara uyğun müvafiq tədbirlər həyata keçirilir.
Baş Prokurorluq beynəlxalq axtarışda olan şəxslərin müəyyən
edilərək Azərbaycan Respublikasına ekstradisiya olunması
istiqamətində xarici tərəfdaş hüquq-mühafizə orqanları, o cümlədən
İnterpol ilə əməkdaşlığını bundan sonra da ardıcıl şəkildə davam
etdirəcək

