Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Bakı Zooloji Parkında biomüxtəlifliyin qorunması istiqamətində
sevindirici və mühüm bir hadisə qeydə alınıb.

Trend xəbər
verir ki, nəsli kəsilmək təhlükəsi altında olan Amur pələnginin 2
balası dünyaya gəlib.

Amur pələngi öz yarımnövləri içərisində böyüklüyünə görə
birincidir. O, qütb və qonur ayıdan sonra quruda yaşayan üçüncü ən
böyük yırtıcı hesab olunur. Təbii arealı əsasən Uzaq Şərqi və Çini
əhatə edir. Hazırda bu növ Beynəlxalq Təbiəti Mühafizə Birliyinin
(IUCN) “Qırmızı siyahı”sına və Rusiya Federasiyasının “Qırmızı
Kitab”ına daxil edilib.




Qeyd edək ki, Bakı Zooloji Parkı təbiətin mühafizəsi və
biomüxtəlifliyin qorunmasında mühüm rol oynayır. Parkın əsas
məqsədi Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş, sayı azalan
və nəsli kəsilmək təhlükəsi altında olan heyvan növlərinin qorunub
saxlanılması, onların çoxaldılması və yenidən təbiətə
buraxılmasıdır.

Belə ki, Azərbaycanın “Qırmızı Kitab”ına daxil olan nəcib maral
və ceyranların, eləcə də Dağıstan turu və Hindistan tirəndazının
Zooloji Parkın ərazisində sayı artırılaraq yenidən təbii
areallarına qaytarılıb.