
Bakı. Trend:
Banklararası təminatsız pul bazarında formalaşan AZIR istinad
faiz dərəcəsi hesabat dövrü ərzində uçot faiz dərəcəsinə yaxın
səviyyədə hərəkətini davam etdirib.
Azəbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, AZIR
indeksinin uçot faiz dərəcəsindən orta kənarlaşması 2025-ci ildə
0.21 faiz bəndi təşkil etdiyi halda, 2026-cı ilin I yarısında 0.05
faiz bəndinədək azalıb.
Bildirilib ki, spredin daralması uçot faiz dərəcəsinin
banklararası pul bazarında formalaşan faizlərə transmissiyasının
gücləndiyini göstərir.
“2026-cı ilin ötən dövründə faiz dəhlizinin parametrləri Mərkəzi
Bankın İdarə Heyəti tərəfindən 5 dəfə müzakirə edilmişdir. Pul
siyasətinə həsr edilmiş ilk iclasda uçot dərəcəsi 6.75%-dən 6.5%-ə,
faiz dəhlizinin yuxarı həddi 7.75%-dən 7.5%-ə, dəhlizin aşağı həddi
isə 5.75%-dən 5.5%-ə endirilmişdir. Növbəti iclaslarda isə Mərkəzi
Bank faiz dəhlizi parametrlərini sabit saxlamışdır. Pul siyasəti
qərarları faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf
diapazonu daxilində formalaşması, regional geosiyasi vəziyyət,
qlobal maliyyə bazarlarında meyillər, ölkədaxili makroiqtisadi
mühit, eləcə də pul siyasətinin ötürücülüyünün xüsusiyyətləri
nəzərə alınmaqla qəbul edilmişdir. Faiz dəhlizi ilə bağlı qərarlar
öncədən elan edilmiş qrafik üzrə və müvafiq analitik şərhlərlə
ictimaiyyətə açıqlanmışdır”, – məlumatda qeyd edilib.

