
Bakı. Trend:
2026-cı ilin yanvar – iyul aylarında xarici vətəndaşlar
tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış
mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“Tax free”)
məbləği 5 milyon 248,1 min manat təşkil edib.
Bildirilib ki, “ƏDV geri al” layihəsinin tətbiqi uğurla davam
etdirilir.
“2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində
pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən
alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu
içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları,
film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti
sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə
məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən xidmətlərə,
işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab
edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma
xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən
istehlakçılara qaytarılmış həcmi 122 milyon 83,6 min manat olub”, –
məlumatda qeyd edilib.
Ümumilikdə, 2026-cı ilin yanvar – iyul ayları ərzində
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə
dövlət büdcəsinə 11 milyard 474,1 milyon manat vergi daxil olub, bu
da proqnoza nisbətən 848,1 milyon manat çoxdur.
Bildirilib ki, 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi
daxilolmaları 913,3 milyon manat və ya təxminən 8,6 faiz artıb.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 8 milyard 488,8
milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 251,8 milyon
manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu
sektordan vergi daxilolmaları 898,4 milyon manat və ya 11,8 faiz
artıb.
2026-cı ilin yanvar – iyul aylarında məcburi dövlət sosial
sığorta haqları üzrə daxilolmalar 4 milyard 37,3 milyon manat olub,
proqnozdan əlavə 229,4 milyon manat vəsait ödənilib. Qeyri-büdcə
təşkilatları üzrə daxilolmalar 2 milyard 687,2 milyon manatdan çox
təşkil edib.
Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 143,5
milyon manat olub, proqnozdan əlavə 6,8 milyon manat vəsait
ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 110,2 milyon
manata yaxın təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 606,8
milyon manata yaxın olub, proqnozdan əlavə 15,6 milyon manat vəsait
ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 402,4 milyon
manata yaxın təşkil edib.
Qeyd edək ki, maliyyə naziri Sahil Babayev Milli Məclisin
iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin
icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı son illər
həyata keçirilən islahatların qeyri-neft sektorunun davamlı
inkişafını təmin etdiyini bildirib. Onun sözlərinə görə, hesabat
dövründə qeyri-neft-qaz sektoru üzrə ÜDM 92,3 milyard manat təşkil
edərək ümumi ÜDM-in 71,5 faizinə çatıb ki, bu da əvvəlki illə
müqayisədə 2,7 faiz real artım deməkdir.
Nazir qeyd edib ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı
55,2 faizə, qeyri-neft vergilərinin payı isə 25 faizə yüksəlib. O
vurğulayıb ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin ümumi
daxilolmalardakı xüsusi çəkisi son beş ildə 43,3 faizdən 52 faizə
yüksəlib və 2026-cı il dövlət büdcəsində bu göstəricinin 57,4 faizə
çatdırılması nəzərdə tutulur.
“Qeyd olunan göstəricilərin dinamikası qeyri-neft sektorunun
inkişafının və dövlət büdcəsinin neft gəlirlərindən asılılığının
azaldılmasının dövlətin əsas prioritet istiqamətlərindən biri
olduğunu göstərir. Qeyri-neft sektoru üzrə gəlirlərin artırılması
və mənbələrinin şaxələndirilməsi istiqamətində tədbirlər davamlı
olaraq həyata keçirilir və məsələ daim nəzarətdə saxlanılır”, –
deyə Sahil Babayev bildirib.
.

