
Bakı.Trend:
Diaspor Gənclərinin VII Yay Düşərgəsi çərçivəsində Şərqi
Zəngəzurda keçirilən tədbirdə dünya şöhrətli fotomüxbir Reza
Deqatinin gənclərlə görüşü baş tutub. Tanınmış fotoqraf uzun illər
ərzində dünyanın müxtəlif regionlarında çəkdiyi fotoları təqdim
edib.
Təqdimatda ayrı-ayrı xalqların adət-ənənələrini, gündəlik
həyatını və mədəni müxtəlifliyini əks etdirən fotolarla yanaşı,
dünyanın müxtəlif ölkələrində baş vermiş hərbi əməliyyatları əks
etdirən kadrlar da nümayiş olunub. Bu fotolar gənclərdə dərin
təəssürat yaradıb.
Təqdimatın ən mühüm hissəsini erməni işğalı dövründə
Azərbaycanın torpaqlarında törədilmiş dağıntıları əks etdirən
kadrlar təşkil edib. Fotoobyektivin dili ilə viranəliyə çevrilmiş
şəhər və kəndlər, məhv edilmiş tarixi-mədəni irs nümunələri, eləcə
də Qarabağ münaqişəsinin insanların taleyində buraxdığı sağalmaz
yaralar təqdim olunub.
Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi
nümayəndəsi Məsim Məmmədov əla təqdimata görə Reza Deqatiyə
təşəkkür edib və belə görüşlərin gənclərin Vətənə bağlılığının
möhkəmləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Gənclər Azərbaycanın reallıqlarının, xalqımızın tarixi
yaddaşının və milli-mədəni irsinin dünya ictimaiyyətinə
çatdırılmasında xidmətlərinə görə Reza Deqatinin əməyinə
minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət
Komitəsinin Heydər Əliyev Fondu ilə birgə təşkil etdiyi və avqustun
2-dən 8-dək keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsində
dünyanın 64 ölkəsindən 123 gənc iştirak edib. Şəki, Şamaxı, Şuşa,
Naxçıvan, Laçın və Xankəndi şəhərlərində keçirilmiş əvvəlki
düşərgələrdə isə ümumilikdə dünyanın 84 ölkəsindən 700-dən çox gənc
iştirak edib.

