Azərbaycan və Şri-Lanka arasında siyasi, iqtisadi, enerji sahələrində əlaqələrin inkişafı müzakirə edildi (FOTO)

Baş səhifə

Bakı. Trend:

Şri-Lanka Demokratik Sosialist Respublikası hökumətinin dəvəti
əsasında Azərbaycanın bu ölkədəki qeyri-rezident səfiri Elçin
Hüseynli Şri-Lankanın milli bayramı – Müstəqillik Günü münasibətilə
fevralın 4-də təşkil edilən bayram tədbirlərində iştirak məqsədilə
paytaxt Kolombo şəhərinə səfər edib.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Hindistan
Respublikasındakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində səfir Kolomboda təşkil edilmiş
hərbi parad və rəsmi ziyafətdə iştirak edib, Şri-Lankanın xarici
işlər, xarici məşğulluq və turizm naziri Vicita Herat (Vijitha
Herath), habelə Xarici İşlər Nazirliyində nazir müavini Arun
Hemaçandra (Arun Hemachandra), xarici işlər katibi Aruni Ranaraca
(Aruni Ranaraja) və digər rəsmilərlə görüşüb.

Görüşlər zamanı Azərbaycan və Şri-Lanka arasında siyasi,
iqtisadi-ticarət, enerji, turizm, hava əlaqəsi və təhsil
sahələrində ikitərəfli əlaqələrin inkişafına böyük maraq ifadə
olunub. Çoxtərəfli formatlarda, xüsusilə Azərbaycanın Asiyada
Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi
dövründə və 2026-cı il mayın 17–22-də Bakıda keçiriləcək BMT-nin
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar
daha fəal əməkdaşlığın və mübadilələrin həyata keçirilməsinin
vacibliyi vurğulanıb.

Həmsöhbətlər Şri-Lanka vətəndaşlarının Azərbaycanın dövlət
təhsil qrant proqramlarında iştirak imkanına, habelə ölkədə baş
verən son təbii fəlakət zamanı göstərilən humanitar yardıma görə
Azərbaycan rəhbərliyinə və xalqına dərin minnətdarlıq ifadə
ediblər.