
Bakı. Trend:
Azərbaycan ilə Serbiya respublikaları Müdafiə nazirlikləri
arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, iki
ölkənin artilleriyaçılarının iştirakı ilə birgə taktiki təlim
keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Serbiyada keçirilən
taktiki təlimdə artilleriya bölmələri tərəfindən özüyeriyən
haubitsalardan və yaylım atəşli reaktiv sistemlərdən döyüş atışları
icra edilib.
Bildirilib ki, NORA B-52 artilleriya qurğularından atəş
təlimində hədəflər sərrast artilleriya atışları ilə məhv edilib,
qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən
müvəffəqiyyətlə yerinə yetirilib.
Qarşılıqlı təcrübə mübadiləsi məqsədilə keçirilən təlimdə əsas
diqqət komandir heyətinin bilik və bacarıqlarının, həmçinin şəxsi
heyətin səhra və praktiki vərdişlərinin artırılmasına, döyüş
əməliyyatları zamanı bölmələrin fəaliyyətlərinin planlaşdırılmasına
yönəldilib.

