Azərbaycan karateçiləri dünya çempionatında uğurla çıxış ediblər

Baş səhifə

Bakı. Trend:

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Dünya Kyokuşin
Federasiyasının (KWF) təşkilatçılığı ilə keçirilən dünya çempionatı
başa çatıb.

Trend xəbər verir ki, dünya
çempionatında Azərbaycan milli komandası 16 idmançı, 2 hakim, 1 baş
məşqçi və 1 ölkə nümayəndəsi olmaqla, ümumilikdə 20 nəfərlik
heyətlə təmsil olunub. Milli komandaya Azərbaycan Karate
Federasiyasının baş katibi Qabil Sayadov və KWF-in nümayəndəsi Rza
Mustafayev rəhbərlik ediblər.




Yarışın yekun nəticələrinə əsasən, Azərbaycan karateçiləri
müxtəlif yaş və çəki dərəcələrində medal qazanıblar. Cavid Kazımlı
(16-17 yaş, +80 kq) və Selcan Babayeva (+60 kq) qızıl medala layiq
görülüblər. Rəhman Yusubov (14-15 yaş, -75 kq) gümüş medal əldə
edib. Vaqif Bəndəliyev (16-17 yaş, -70 kq) və Toğrul Orucov (12-13
yaş, -60 kq) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, Azərbaycan milli komandası dünya çempionatında həm
fərdi, həm də komanda çıxışları ilə ölkəmizi layiqincə təmsil edib
və kyokuşin karate üzrə beynəlxalq arenada mövqelərinin
möhkəmlənməsinə töhfə verib.