
Bakı. Trend:
Azərbaycan dekolonizasiya məsələləri üzrə beynəlxalq
müzakirələrdə fəal iştirak edir və töhfə verir.
Trend-in
məlumatına görə, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq
Musayev BMT Baş Assambleyasının Xüsusi Siyasi və Dekolonizasiya
Komitəsində çıxışı zamanı bildirib.
Diplomat vurğulayıb ki, Azərbaycan 2019-2023-cü illərdə
Qoşulmama Hərəkatına sədrliyi dövründə müstəmləkəçiliyin kökünün
kəsilməsi məsələsini prioritet hesab edib və müstəmləkəsizləşmənin
aktuallığını dəstəkləyən Hərəkatın kollektiv səsinin
gücləndirilməsinə xüsusi diqqət yetirib.
“Azərbaycan BMT Nizamnaməsində və Baş Assambleyanın
müstəmləkəsizliyə dair müvafiq qətnamələrində təsbit olunmuş
prinsiplərin tam şəkildə həyata keçirilməsinin tərəfdarıdır.
2024-cü ildə və bu ilin əvvəlində Azərbaycan Karakas və Dilidə
müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi
haqqında Bəyannamənin həyata keçirilməsi ilə bağlı Vəziyyət üzrə
Xüsusi Komitənin təşkil etdiyi regional seminarlarda iştirak edib”,
– deyə T.Musayev əlavə edib.

