“Art Weekend” çərçivəsində “Nəfəs – söz və səsin vəhdəti” adlı növbəti layihənin təqdimatı keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

YARAT Müasir İncəsənət Mərkəzində “Bakıya uçuş. Art Weekend.
Gələcəyi İNDİ hiss et” (Fly to Baku. Art Weekend. Sense the Future
NOW) təşəbbüsü çərçivəsində həyata keçirilən “Nəfəs – söz və səsin
vəhdəti” adlı növbəti layihənin təqdimatı olub.

Trend xəbər verir
ki, tədbirdə “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev
Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və
rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva iştirak
ediblər.

Festival üçün xüsusi olaraq SÖZ multidisiplinar mərkəzi
tərəfindən hazırlanmış immersiv performans mistik musiqini, sufi
poeziyasını və insan səsinin gücünü bir araya gətirib. Səhnədə
Savalan və Çardaq qruplarının ifasında səslənən etnik melodiyalar
və melodramatik deklamasiya mənəvi vəhdət, dərinlik və təfəkkür
atmosferi yaradıb.

AZƏRTAC-ın müxbiri ilə söhbətində şair və SÖZ multidisiplinar
mərkəzinin yaradıcısı Nigar Həsənzadə bildirib ki, layihənin
ideyası “Fly to Baku. Art Weekend. Sense the Future NOW”
festivalına dəvət alındıqdan dərhal sonra yaranıb.

Performansın fəlsəfəsindən danışan N. Həsənzadə qeyd edib ki,
layihə mistik musiqi, poeziya və insan səsinin gücünü
birləşdirir.

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Art Weekend”
festivalı ilk dəfə olaraq Bakıda reallaşır və noyabrın 2-dək davam
edəcək.