
Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Çindən daha 14 yük
lokomotivinin alınması ilə bağlı danışıqlar aparır.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə
əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Trend-ə açıqlamasında
deyib.
O bildirib ki, proses hələ danışıq mərhələsində olduğu üçün
lokomotivlərin alınmasının nə zaman yekunlaşacağı bəlli deyil.
B.Hacıyevin sözlərinə görə, bu gün təqdim olunan lokomotivlər
ADY tarixində Çindən alınan ilk hərəkət tərkibləridir.
“Lokomotivlər müasir idarəetmə və təhlükəsizlik sistemləri ilə
təchiz olunub. Tətbiq edilən müasir texnologiyalar daha ağır
tonnajlı yüklərin daşınmasına və ümumilikdə yükdaşımaların daha
səmərəli təşkilinə imkan verir. Lokomotivlər Azərbaycandan keçən
beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımalarında istifadə
olunacaq”, – deyə o bildirib.
B.Hacıyev qeyd edib ki, yeni lokomotivlər Beynəlxalq Dəmir
Yolları İttifaqının (UIC) IIIA səviyyəli ekoloji standartlarına
cavab verir.
Onun sözlərinə görə, hazırda qlobal miqyasda, xüsusilə Orta
Dəhliz üzrə yükdaşımalarına tələbat artır. Bunun nəticəsi olaraq
Çindən Azərbaycan istiqamətində göndərilən blok qatarların sayında
da artım müşahidə olunur.
“Bu, Azərbaycan Dəmir Yollarını müasir çağırışlara uyğun olaraq
lokomotiv parkını genişləndirməyə və yeniləməyə sövq edir. Yeni
lokomotivlərin alınmasını yalnız ADY-nin lokomotiv parkının
yenilənməsi kimi deyil, həm də Azərbaycandan keçən beynəlxalq
nəqliyyat dəhlizləri üzrə tranzit yükdaşımalarına artan tələbata
cavab kimi qiymətləndirmək lazımdır”, – deyə B.Hacıyev
vurğulayıb.
O əlavə edib ki, yeni texnologiya iki lokomotivin ardıcıl
qoşularaq vahid lokomotiv briqadası tərəfindən idarə edilməsinə
imkan verir. Bunun sayəsində daha ağır tonnajlı və uzun tərkibli
yük qatarlarının daha uzun məsafələrə daşınması mümkün olur.
Qeyd edək ki, Çinin “CRRC Ziyang Co., Ltd” şirkətinin istehsalı
olan AC50 tipli 7 yeni yük lokomotivi artıq Bakıya gətirilib.

