Təhsil xərcləri niyə azaldılır: Deputatdan çağırış – FOTO

Cəmiyyət


Milli Məclisdə “2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərin müzakirəsi davam edir. Dəyişiklik layihəsində təhsilə ayrılan xərclərin azaldılması nəzərdə tutulub. Belə ki, Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən təhsillə bağlı ayırmalar 15,939 milyon manat və yaxud 0,4% azaldılaraq 4 milyard 423,103 milyon manatdan 4 milyard 407,164 milyon manata endirilib.

Qanun layihəsinə əsasən, 15,9 milyon azalma təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılan xərclər bölməsində tətbiq ediləcək. Təhsil xərclərinin endirilməsi sosial şəbəkələrdə və mətbuatda müzakirələrə səbəb olub.

Büdcədə azalmanın təhsil sahəsinə təsiri necə olacaq?

Mövzunu resmixeber .az-a şərh edən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, əslində elm və təhsilə ən çox 2023-cü ilin büdcəsində vəsait ayrılıb.

“Bu gün təhsil dövlətin ən çox vəsait ayırdığı sahələrdən biridir. 4 milyard 400 milyon böyük vəsaitdir. Hazırkı məqamda büdcənin cüzi azaldılması təhsil sahəsinə elə də ciddi təsir göstərməyəcək. Bu, daha çox müxtəlif tədbirlərin həyata keçirilməsi üçün nəzərdə tutulan vəsaiti əhatə edəcək”, – deyə parlamentari bildirib.

Ceyhun Məmmədov vurğulayıb ki, Azərbaycan Qarabağdakı bərpa-quruculuq işlərinə, həyata keçirdiyi sosial layihələrə paralel olaraq təhsilə ayrılan vəsaiti heç vaxt azaltmır:

“Dövlət təhsil sahəsinə kifayət qədər vəsait ayırır. 4 milyard 400 milyonun 4 faizi elə ciddi rəqəm deyil. Bu rəqəm bütövlükdə təhsilin maliyyələşməsinə ciddi təsir göstərməyəcək. Burada söhbət müxtəlif tədbirlərlə bağlı ayrılmış vəsaitin digər məsələlərə yönləndirilməsindən gedir”.

Deputat vətəndaşları narahat olmamağa çağırıb:

“Narahatlıq üçün səbəb yoxdur. Vətəndaşlarımız qəti narahat olmasınlar. Dövlətin təhsilə qayğısı, diqqəti hər zaman olduğu kimi, bundan sonra da davam edəcək. Burada hansısa ciddi problemin olacağını düşünmürəm”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir