
Bakı. Trend:
Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi
Raffaella Culiani ilə görüş keçirib.
Raffaella Culiani görüşdə Azərbaycan nümayəndə heyətinin də
iştirakını böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd edib. O,
birgə tərəfdaşlığın simvolu kimi ərsəyə gələn “Mədəniyyətlər
körpüsü” (“Pontes Culturae”) kitabı barədə danışaraq deyib ki, bu
əməkdaşlığın təməli Azərbaycanın Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva və kardinal
Canfranko Ravazi tərəfindən qoyulub. Bu dostluq münasibətlərinin
gələcəkdə də davam edəcəyinə ümidvarlığını bildirən Raffaella
Culiani Birinci vitse-prezident Mehriban Əliyevanın işlərlə həmişə
yaxından maraqlandığını xatırladıb.
Görüşdə katakombaların bərpası və digər yeni restavrasiya
layihələri üzərində işin davam etdirilməsi imkanlarına toxunulub.
Bu proseslərə gələcəkdə daha çox tələbənin və mütəxəssisin cəlb
olunmasının nəzərdə tutulduğu, eyni zamanda, Azərbaycanda yerləşən
müxtəlif kilsələrdə peşəkar mütəxəssislərin çalışmasının arzuedilən
olduğu bildirilib.
Müsəlman ölkəsi olan Azərbaycanın xristian irsinin bərpasındakı
rolu yüksək qiymətləndirilib. Vurğulanıb ki, bu əməkdaşlıq və
xüsusilə katakombaların bərpası sahəsində birgə fəaliyyət bütün
dünya üçün mühüm mesajdır. Bu addım tolerantlığın, sülhün və
mədəniyyətlərarası dialoqun bariz nümunəsidir.

