Mərkəzdə piyada zonalarının genişləndirilməsi daşınmaz əmlak bazarında yeni qiymət formalaşdıracaq – Vüqar Oruc

Baş səhifə

Bakı. Trend:

Bakının mərkəzində beş küçədə avtomobil hərəkətinin həftənin
bütün günləri məhdudlaşdırılması ilə bağlı qərarın daşınmaz əmlak
bazarına mümkün təsirləri müzakirə olunur. Bu dəyişiklik fonunda
piyada axını, kommersiya dövriyyəsi və qeyri-yaşayış obyektlərinin
gəlirlilik göstəricilərinin necə dəyişəcəyi diqqət çəkir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti(AQC) İdarə Heyətinin
sədri Vüqar Oruc Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)
son qərarını şərh edərkən Trend-ə açıqlamasında bildirib ki, piyada zonalarının
genişləndirilməsi ilk növbədə, ərazidə insan axınının artmasına və
ictimai məkanlardan istifadə intensivliyinin yüksəlməsinə səbəb
olacaq. Bu dəyişiklik kafe, restoran, mağaza, hotel və digər xidmət
obyektlərində müştəri sayını və satış dövriyyəsinin artması ilə
nəticələnəcək.

“Qeyri-yaşayış obyektlərində qiymət artımının əsas mexanizmi
məhz gəlir potensialının yüksəlməsidir. Əgər obyektin aylıq icarə
gəliri artırsa, onun kapitalizasiya olunmuş bazar dəyəri də
yüksəlir. Piyada zonalarının yaranması piyada axınını artırır və bu
halda ictimai nəqliyyatla inteqrasiya təmin olunursa, parklanma və
yükdaşıma məsələləri həll edilirsə, piyada zonalarının təsir
dairəsində olan qeyri-yaşayış obyektlərində 10–20 faiz, turizm və
ictimai iaşə potensialı yüksək olan obyektlərdə isə 15–25 faiz
aralığında orta müddətli qiymət artımı mümkündür. İcarə haqlarında
artımın 10–15 faiz, doluluq səviyyəsində isə 5–10 faiz yüksəlməsi
ehtimal oluna bilər”, – deyə o qeyd edib.

AQC sədri bildirib ki, bəzi istisnalar da ola bilər:

“Elə obyektlər var ki, avtomobil girişinin məhdudlaşdırılması
onların müştərilərinin və təchizatçılarının hərəkətini
çətinləşdirir, parklanma imkanları azalır, yükdaşıma sistemi düzgün
qurulmur. Bu halda bəzi obyektlərdə dövriyyə və icarə gəlirləri 3–7
faiz azala, bazar dəyəri isə dəyişməyə və ya 2–5 faiz geriləyə
bilər. Xüsusilə avtomobillə girişə ehtiyacı yüksək olan obyektlər
bu riskə daha həssasdır”.

Vüqar Orucun sözlərinə görə, yaşayış mənzillərinə təsir isə daha
az olacaq. Səs-küy, parklanma və logistika problemləri nəzarətdə
saxlanılarsa, piyada əlçatanlığı və ictimai məkanların keyfiyyəti
mənzil qiymətlərinə 5–7 faiz müsbət təsir göstərə bilər.




Piyada zonalarının yaratdığı əlavə dəyər obyektin istifadə
təyinatından, fasadın görünmə səviyyəsindən, giriş imkanlarından və
ətrafdakı bizneslərin strukturundan asılı olacaq. Restoran, kafe,
pərakəndə satış, hotel və turizm xidmətləri üçün piyada axını
birbaşa gəlir mənbəyidir. Ofis, anbar və avtomobillə xidmət
göstərən obyektlərdə isə bu, zəif formada təsir edə bilər. Şəhərin
mərkəzində avtomobilin hərəkət imkanları məhdudlaşdıqca,
piyadaların hərəkət imkanları genişlənir və bu əmlakın iqtisadi
dəyərinə çevrilə bilər.

1. Ən çox təsir gözlənilən küçələr

Küçə

Qeyri-yaşayış obyekti

Yaşayış obyekti

Tərlan Əliyarbəyov küçəsi

+10–20%

+5–10%

Yusif Məmmədəliyev küçəsi

+10–20%

+5–10%

Hacı Zeynalabdin Tağıyev küçəsi

+10–15%

+3–5%

Zərifə Əliyeva küçəsi

+10–15%

+3–5%

Əbdülkərim Əlizadə küçəsi

+5–10%

+3–5%

Ekspertin bildirdiklərinə əsasən, əsas qiymət
artımının baş verəcəyi küçələrlə yanaşı, yaxınlıqda yerləşən digər
küçələrdə də qiymət artımı gözlənilir. Nizami, Rəsul Rza, Nigar
Rəfibəyli və Xaqani küçələri bu qəbildəndir.

Onun fikrincə, bu qərardan sonra Bakının mərkəzində
qeyri-yaşayış obyektlərinin icarə bazarında yeni qiymət fərqləri
yaranacaq. Əmlakın yalnız mərkəzdə yerləşməsi deyil, piyada
axınının hansı nöqtəsində yerləşməsi də mühüm qiymətləndirmə
amilinə çevriləcək.