
Bakı.Trend:
Azərbaycan yalnız neft və qazla deyil, həm də bərpa olunan
enerji resursları ilə zəngindir.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bu barədə “ACWA Power”
şirkətinin Azərbaycan və Türkiyə üzrə baş meneceri Selim Güven cümə
günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu
çərçivəsində keçirilən “Regional enerji əlaqələri və yaşıl keçid:
Çətinliklər və imkanlar”adlı panel müzakirəsində çıxışı zamanı
deyib.
O bildirib ki, bu resurslar, ölkənin coğrafi mövqeyi onu Mərkəzi
Asiyadan Cənubi Qafqaza, Türkiyəyə və oradan da Avropaya uzanan
bağlantı nöqtələrinin mərkəzinə gətirir.
“Buna görə də, investor nöqteyi-nəzərindən məsələ təkcə konkrеt
bir layihədən getmir. Söhbət bazarlara çıxışdan və regiondakı
strateji planlarınızı tamamlayan bir ekosistemin yaradılmasından
gedir. Bu baxımdan, “ACWA Power” nöqteyi-nəzərindən Azərbaycan
regional strategiyalarımızın və biznes planlarımızın mərkəzi, əsas
hissəsidir.
“ACWA Power”ın Azərbaycandakı maliyyələşdirilə bilən investisiya
layihələrindəki təcrübəsinə gəlincə, biz Azərbaycandakı investisiya
hazırlıqlarına və fəaliyyətlərimizə 2020-ci illərin əvvəllərində
başlamışdıq”, – deyə o bildirib.
S.Güven əlavə edib ki, bərpa olunan enerji layihələrinin
strateji əhəmiyyəti karbonun azaldılmasına keçidin bir hissəsidir.
Lakin bu layihələr resursların şaxələndirilməsi ilə yanaşı, həm də
resurs təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya
Forumu keçirilir. 2 gün davam edəcək forum İqtisadiyyat Nazirliyi
və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi
Agentliyinin-AZPROMO-nun təşkilatçılığı, Avropa Evi-“Ambrosetti”nin
strateji tərəfdaşlığı ilə baş tutur.
Tədbir çərçivəsində təşkil olunacaq plenar iclas və panel
sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt
və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi
zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və
orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına
investisiyalar kimi strateji mövzular müzakirə olunacaq.

