
Bakı. Trend:
Avropada səyahətə maraq 2026-cı ildə rekord səviyyəyə çatıb.
Trend xəbər verir ki, bu
barədə məlumat Yunanıstanın “Kathimerini” nəşrində yer alıb.
Məlumata görə, əsas göstəricilər “European Travel Commission”
(Avropa səyahət komissiyası) tərəfindən hazırlanmış son hesabatda
əks olunub. Hesabata əsasən, 2026-cı ilin ilk yarısı üçün Avropa
vətəndaşlarının 82 faizi səyahət etməyi planlaşdırır ki, bu da
indiyədək qeydə alınmış ən yüksək göstəricilərdən biridir.
Bildirilir ki, həyat səviyyəsinin bahalaşması və Yaxın Şərqdə
artan gərginliyə baxmayaraq, avropalıların səyahət etmək istəyi
zəifləməyib. Bununla yanaşı, turistlərin davranışında müəyyən
dəyişikliklər müşahidə olunur. Belə ki, bir çox səyahətçi xərcləri
azaltmaq məqsədilə səfərlərin müddətini qısaltmağa və büdcəni daha
diqqətlə planlaşdırmağa üstünlük verir. Statistikaya görə,
turistlərin əhəmiyyətli hissəsi 4–6 günlük səfərlərə üstünlük verir
və daha uzunmüddətli istirahətlərin payı azalır.
Eyni zamanda təhlükəsizlik məsələləri də əsas seçim
meyarlarından birinə çevrilib. Sorğuda iştirak edənlərin 22 faizi
üçün səyahət istiqamətinin təhlükəsizliyi əsas amil kimi
göstərilir, 18 faizi isə Yaxın Şərqdəki gərginliyi əsas narahatlıq
səbəbi hesab edir.
Məlumata görə, Avropa daxilində ən çox üstünlük verilən
istiqamətlər Cənubi Avropa və Aralıq dənizi regionudur. Bu
istiqamətlərə maraq artmaqda davam edir və xüsusilə dəniz turizmi
əsas seçim olaraq qalır.
Bununla yanaşı, turizm bazarının daha həssas hala gəldiyi qeyd
olunur. Artan xərclər və geosiyasi risklər fonunda turizm
sektorundan daha çevik və təhlükəsizlikyönümlü yanaşmalar tələb
olunur.

